Lənkəranda xüsusi əməliyyat keçirildi
28 Mart 2014 Cümə 16:06
ANAMA: Orda təhlükəli yerləri aşkar etmək üçün sualtı çəkilişlər aparılır.
Son vaxtlar Lənkəranın dənizkənarı ərazisində keçmiş sovet ordusuna məxsus silah sursatın,əsasən də tank əleyhinə minaların aşkarlanması şəhər icra hakimiyyətini əməli hərəkətə keçməyə vadar edib.
Sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə Lənkəran şəhər icra hakimiyyətinin Nazirlər kabinetinə rəsmi müraciətindən sonra sahilboyu ərazinin minalardan təmizlənməsinə başlanılıb.Əməliyyatı Azərbaycan ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) həyata keçirir.
ANAMA-nın 13 nəfərdən ibarət xüsusi əməliyyat qrupu mart ayının 3-dən Lənkəran rayonunda dənizkənarı ərazilərin minalardan təmizlənməsi əməliyyatına start verib. Sovetlər vaxtında tank batalyonunun poliqonu kimi istifadə olunan ərazidə son aylarda bir neçə dəfə işlək vəziyyətdə olan hərbi sursatların,əsasən də tank əleyhinə minaların aşkarlanması səbəbindən Lənkəran şəhər icra hakimiyyəti əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə müraciət edib. ANAMA-nın xüsusi əməliyyat qrupunun əməliyyat dövrü ərzində aşkarladığı 13 ədəd tank əleyhinə mina və 2 ədəd onun partlayıcı başlıqları bu gün partladılaraq zərərsizləşdirilib.
ANAMA-nın baş mütəxəssisi Adil Aslanov qeyd edib ki, burdakı təmizləmə əməliyyatı 3 ay davam edəcək: “Suyun altında qalan minaların yerlərini təsbit etmək üçün agentlik tərəfindən xüsusi olaraq dalğıclar bu əməliyyata cəlb olunub. Orda təhlükəli yerləri aşkar etmək üçün sualtı çəkilişlər aparılır ”.
Mütəxəssis isə bildirir ki, dəniz səviyyəsi son 20 ildə qalxdığı üçün ərazidə olan iki sovetdənqalma sursat anbarı suyun altında qalıb. Sahildən minaların tapılması da suyun altında xeyli minaların qalmasını göstərir. Əməliyyat zamanı minaaxtaran itlər və mexaniki minatəmizləyən maşınlardan istifadə edilir.
DOSTLARINLA PAYLAŞ: