Lənkəranda “Şəhidlər Xiyabanı” memorial kompleksinin açılışı olacaq
16 Yanvar 2010 Şənbə 10:50
20 Yanvar ümumxalq hüzn günündə Lənkəran şəhərinin mərkəzində salınmış “Şəhidlər Xiyabanı” xatirə memorial kompleksinin açılışı olacaq.
Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Əlimərdan Əliyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, 2800 kv. m ərazini əhatə edən kompleksdə rekonstruksiya işlərinə iki ay öncə başlanılıb.
Xiyaban tamamilə müasirləşdirilib, burada əbədi məşəl kompleksi inşa olunub. Yenidənqurma işlərində yüksək keyfiyyətli qara qranitdən istifadə olunmaqla şəhidlərin məzar daşları yenilənib. Ətraf əraziyə isə plitə döşənilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Ə.Əliyevin sözlərinə görə, xiyabanda 20 Yanvar və Qarabağ şəhidləri ilə yanaşı, 1918-ci ildə erməni vəhşiliklərinin qurbanı olmuş lənkəranlıların da xatirəsi əbədiləşdirilib. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən 177 soydaşımızın adları mərmər daşları üzərində həkk olunub.
Qeyd edək ki, 1990-cı il hadisələrində 11 Lənkəran sakini şəhid olub. Onlardan 5-i yanvarın 19-dan 20-nə keçən gecə Bakıda, 6-sı yanvarın 26-da Talış meşələrində, daha 1 nəfər isə vertolyotda aparılarkən rus hərbçiləri tərəfindən məftillə boğularaq qətlə yetirilib. APA
DOSTLARINLA PAYLAŞ: