Lənkəranda ətin qiyməti durmadan artır
23 May 2011 Bazar Ertəsi 22:44
Rayonda mal ətinin 1 kiloqramı 7 manata satılır.
Əmək haqları və pensiyaların artacağı xəbəri artıq bazarlara öz təsirini göstərir. Lənkəran şəhərindən gələn xəbərdə bildirilir ki, bölgədə ətin qiyməti durmadan artır. Son iki gündə Lənkəran bazarında ətin qiyməti artıb. Bazar daxilindəki köşklərdə, şəhərin mərkəzində və kəndlərdə ət satışı ilə məşğul olan dükanlarda ən keyfiyyətli dana əti 5,5-6 manata, qoyun əti 6,5-7 manata satılırdısa, indi mal əti 7, qoyun əti 8 manata satılır.
Ətin qiymətinin qalxmasını satıcılar da gizlətmirlər. Satıcı Rafiq Allahverdiyev bildirir ki, hər şey bahadır, eləcə də ətin qiyməti bahalaşıb: “Mal sahibi bizə onu baha satır. Deyir ki, mənim malımın qiyməti bu qiymətədir. İstəyirsən al, istəyirsən alma, yaxşı mal baha çıxır”.
Amma yerli fermerlərin bir hissəsi ət satıcılarının bu fikri ilə razı deyil. Fermer Emin Cəfərovun sözlərinə görə, ətin qiymətini satıcılar özləri qaldırıb: “Biz 15 gün, 1 ay əvvəl neçə qiymətə satırdıqsa, indi həmin qiymətə satırıq. Özləri bunu edib ki, daha çox qazansınlar”.
Amma bahalanmanı zəruri sayan fermerlər də var. Məsələn, fermer Elşən Hüseynov bildirir ki, indi satılan heyvan qışda bəslənilib. Qışda taxıl baha olduğuna görə hal-hazırda ət bahadır: “Həm tələbat artır, həm də toylar başlayır, bundan başqa Bakıya daşınır”.
Lənkəran şəhər icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Rüstəm Qurbanov məsələdən agah olduqlarını və bununla bağlı inzibati tədbirlərə artıq əl atdıqlarını deyir. Onun sözlərinə görə, Lənkəranda ətin qiymətinin qaldırılması təbii deyil, süni amillərlə bağlıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: