Lənkəranda bayram yarmarkası keçirilib
13 Mart 2010 Şənbə 12:30
Bayram yarmarkasında bayram azuqələri bazar qiymətlərindən 30 faiz ucuz olub.
Lənkəranda Novruz bayramı münasibəti ilə ənənəvi bayram yarmarkası təşkil olunub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhərin vağzalyanı meydanında təşkil olunan yarmarka səhər saatlarından fəaliyyətə başlayıb.
Yarmarkada Lənkəran rayonu ilə yanaşı bölgənin bütün rayonlarından və paytaxt Bakıdan firma və şirkətlər iştirak edib. Satışa bayram süfrəsi üçün lazım olan hər çeşiddə şirniyyat, meyvə və ərzaq məhsulları çıxarılıb. Yerli sakinlərlə yanaşı bölgə rayonlarından gələnlər də, bayram bazarlıqlarını bu yarmarkadan ediblər. Səbəb qiymətlərin bazar qiymətlərindən aşağı olması və məhsulların çeşidcə bolluğu olub. Alıcılar bu cür yarmarkaların təşkilini olduqca lazımlı hesab edirlər.
Lənkəran sakini Nəbi Baxşıyevin sözlərinə görə, Novruz bayramı münasibəti ilə yarmarkaların təşkili çox vacibdir: “Bu yarmarkada bayram süfrəsi üçün nə lazımdırsa almaq olur. Bazar qiymətindən 20-30 faiz aşağı qiymətə almaq mümkündür. Belə yarmarkaların hər həftə keçirilməsi lazımdır”.
Novruzu öz milli bayramlarından ayırmayan Lənkəranın rus icmasının nümayəndələri də bayram bazarlıqlarını burada edirlər. Onların fikrincə harada yaşadınsa, oranın milli bayramını öz bayramın hesab etməlisən. Yarmarkadakı qiymətlər onları da razı salır.
Lənkaran rus icmasının üzvü Lidiya Kalyaqina bütün azərbaycanlıları Novruz münasibəti ilə təbrik edib. O, hamıya can sağlığı arzu edib: “Çox sağ olsunlar, camat gəlir, bir-birini görür. Bayram bazarlığı edir, sevinir. Satıcılar öz mallarını sata bilir, qiymət yaxşıdır, camaatın imkanı çatır”.
Qeyd edək ki, yarmarka Lənkəran şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil olunub. Bunda məqsəd bayramqabağı bazarlarda müşahidə olunan qiymət artımının qarşısını almaqdır. Yarmarkaya 30 firma və şirkətdən 200 tona yaxın yeyinti məhsulları gətirilib.
Lənkəran şəhər İcra Hakimiyyətinin şöbə müdüri Rüstəm Qurbanovun sözlərinə görə, təqribən 200 tona yaxın məhsulun satışı nəzərdə tutulub: “Bu, süni qiymət artımının qarşısını almaq məqsədi ilə keçirilir. Yarmarka gün ərzində davam etdiriləcək. Qiymətlər bazar qiymətlərindən 20-30 faiz aşağıdır”.
Qeyd edək ki,yarmarkada ət və ət məhsulları, süd məhsulları, müxtəlif növ şirniyyatlar və meyvələr satışa çıxarılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: