Küveytdə Azərbaycan mədəniyyət günləri başlayır
10 May 2011 Çərşənbə Axşamı 01:12
Bu gün Əl-Küveyt şəhərində mədəniyyət günlərinin açılış mərasimi olacaq
Bu gün - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümündə Küveytdə Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, mədəniyyət günləri Əl-Küveyt şəhərinin “Dasma” adına mərkəzi sərgi və konsert kompleksində təşkil olunan və Azərbaycanın füsünkar təbiəti, zəngin tarixi mirası, iqtisadi inkişafını özündə əks etdirən fotosərgi ilə tanışlıqla başlanacaq. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası və bu ölkədəki səfirliyimizin təşkilatçılığı ilə hazırlanan ekspozisiyanın xüsusi güşəsi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunacaq. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şanlı və şərəfli həyat yolunu əks etdirən sənədlərlə yanaşı, dahi şəxsiyyətin xarici ölkə başçıları ilə görüşləri və nüfuzlu beynəlxalq təşkilatlardakı çıxışları zamanı, həmçinin, Azərbaycanın təsərrüfat-sənaye obyektlərində, ölkədə aparılan genişmiqyaslı tikintilərdə çəkilən fotoşəkillər və ulu öndər haqqında yazılan kitablar nümayiş etdiriləcək.

Daha sonra Əl-Küveyt şəhərinin “Dasma” mərkəzi sərgi və konsert kompleksində Azərbaycan mədəniyyət xadimlərinin ifasında maraqlı konsert proqramı da təşkil olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar