Kürün suyu azalıb, Araz çayının suyu isə artıb
08 Aprel 2010 Cümə Axşamı 10:40
Kürün suyu azalıb, Araz çayının suyu isə artıb. Transsərhəd çaylarımızda çirkləndiricilər normadan artıqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nəticələrə görə, Kür çayında suyun sərfi mart ayının II ongünlüyünə nisbətən azalaraq 472 m3/san təşkil edib. Ermənistan ilə transsərhəd olan Araz çayında isə suyun sərfi 118 m3/sandan 179-a qalxıb.
Monitorinqin nəticələrinə əsasən, çaylara Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,75-7,80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: