Kür və Araz çaylarında çirklənmə artıb
25 İyul 2009 Şənbə 11:35
Buna səbəb Gürcüstan və Ermənistandan təmizlənmədən birbaşa çaylara axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularıdır

Kür və Araz transsərhəd çaylarında çirklənmənin səviyyəsi artıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentiçaylar və onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyul ayının II ongünlüyü üçün keçirdiyi növbəti monitorinqinin nəticələrini açıqlayıb.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarının dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçməsi qeydə alınıb.

Həmçinin Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən keçən məntəqələrində suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2, Ağstafaçay məntəqələrində və Ağstafaçay su anbarında suyun əsas çirkləndiricilərindən fenollar 2, mis birləşmələri 3, ammonium ionları isə 1,1 dəfə yol verilən qatılıq həddini ötüb.

Ayın II ongünlüyündə Kür çayında suyun sərfidə azalıb. Belə ki, ayın I ongünlüyünə nisbətən su 70 m3/san azalaraq 193 m3/san təşkil edib.

İyul ayının II ongünlüyündə Araz çayında suyun sərfi 22,6 m3/san olub. Aparılan monitorinqin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.11-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar