Kür çayı üzərindəki körpü yenə uçub
27 İyul 2009 Bazar Ertəsi 14:35
Şirvan zonasından Bakıya və əks istiqamətə gediş-gəliş kəsilib


Təxminən bir saat əvvəl Sabirabad və Şirvan şəhərini birləşdirən yeganə avtomobil körpüsü uçub. Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 8-ci kilometrində yerləşən və Kür çayının üzərindən keçən körpüdə nəqliyyatın hərəkəti tam şəkildə dayandırılıb.

Lent.az-ın məlumatına görə, körpünün uçmasına səbəb yolötürücünün bir hissəsində böyük dəliklərin əmələ gəlməsidir. Hazırda Şirvan zonasında Bakıya və əks istiqamətə hərəkət mümkünsüzdür. Təxminən yarım saat əvvəl körpüdə bərpa işlərinə başlansa da, yolötürücüsündə hərəkətin nə vaxt bərpa olunacağı bəlli deyil.

Xatırladaq ki, 1962-ci ildə inşa edilmiş körpü ötən ilin avqustunda da qəza vəziyyətinə düşmüşdü. Belə ki, dəmir-beton aşırımlardan biri yük daşıyan avtomobillərin ağırlığına dözməyərək sınmışdı. Maraqlıdır ki, son bir ildə həmin körpüdə analoji hadisələr dəfələrlə baş verib. Nəqliyyat Nazirliyi bunu körpünün dəmir-beton konstruksiyasının köhnəlməsi ilə izah edir. Hazırda nazirliyinin mütəxəssisləri 48 il əvvəl inşa edilmiş körpünün əvəzində yeni yol ötürücüsünün tikilib-tikilməyəcəyi ilə bağlı araşdırmalar aparır. /ANSPRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar