Köhnə avtomobillərə qadağa qoyulacaq
20 Yanvar 2010 Çərşənbə 17:41
Avro-1 və Avro-2 standartlarına uyğun olmayan maşınların istifadəsinə imkan verilməyəcək
Yanvar-fevral aylarında Azərbaycanda həm daxili bazarda avtomobil yanacağının satışına, həm də avtomobil parkına aid standartların qəbul edilməsi gözlənilir. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov deyib. Onun sözlərinə görə, Avro-1 və Avro-2 normalarına uyğun olmayan avtomobillərin istismarına qadağa qoyulacaq: "Lakin bu proses mərhələli şəkildə həyata keçiriləcək".
Dövlət Komitəsi Bakının yanacaqdoldurma məntəqələrində (YDM) aparılan monitorinqlərin nəticələrini elan edən məlumat da yayıb. Azərbaycan paytaxtında mövcud olan 45 YDM-dən 26-da satılan yanacağın keyfiyyət göstəricilərinin standartlara cavab verməməsi və miqdarının normaya uyğun olmaması faktları aşkar olunub.
Qeyd edək ki, Avro 1-5 standartları avtomobil mühərriklərinə və yanacaqlara şamil edilən tələblərdir. Bu standartları təşkil edən əsas amillər bunlardır: avtomobillərin texniki vəziyyəti; istifadə olunan yanacağın keyfiyyəti; nəqliyyat infrastrukturunun təşkili; alternativ yanacaq resurslarından istifadə. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: