Kiş çayı üzərində yeni körpü salınacaq
30 Aprel 2011 Şənbə 13:31
Kiş çayı üzərində yeni körpü salınacaq. Artıq Nəqliyyat Nazirliyinə müraciət edilib.
Şəkinin Kiş çayı üzərində uçan körpünün yerinə yeni körpü salınacaq. Xatırladaq ki, körpü bu ilin fevral ayının 15-də üstündən ağır tonnajlı yük maşının keçməsinə dözməyərək uçmuşdu.

17 saylı yol istismar idarəsinin baş mühəndisi Vahid Əyyubov ANS TV-yə bildirib ki, artıq 75 metr uzunluğu olan iki aşırımlı körpünün uçmuş hissəsi sökülərək götürülüb. Həmçinin komissiyanın iştirakı ilə baxış keçirilərkən körpünün digər hissəsinin, 2-ci aşırımının da deformasiyaya uğradığı məlum olub. Ona görə də körpünün tamamilə sökülüb yenidən inşa olunması üçün “Azəryolservis” tərəfindən layihələndirmə işləri aparılıb. Həmin sənədlər isə Nəqliyyat Nazirliyinə təqdim olunub.

“Yeni körpünün tikintisinə yaxın günlərdə başlanılacaq. Kənddə əhalinin, nəqliyyatın çoxalması ilə əlaqədar yeni salınacaq körpününü layihəsində bir sıra dəyişikliklər edilib. Körpünün həm yükgötürmə qabiliyyəti artırılacaq, həm də hərəkət hissəsi genişləndiriləcək. Bu səbəbdən körpünün tikilməsi bir az ləngiyir, yəqin ki, yaxın günlərdə bu körpünün tikintisinə başlanılacaq”, deyə Vahid Əyyubov bildirib.

Yol İstismar İdarəsinin baş mühəndisi onu da bildirdi ki, 18 ton tutuma malik olan və 16 il əvvəl inşa olunan körpünün istismar müddəti hələ bitməsə də ağır tonajlı nəqliyyat vasitəsinin hərəkəti nəticəsində yükə davam gətirməyərək uçub. Yeni körpünün yükgötürmə qabiliyyəti isə layihələndirməyə görə 60 tona yaxın olacaq. Mövcud körpü metal konstruksiyalardan inşa olunmuşdursa, yeni körpü dəmir-beton tirlərlə daha mükəmməl şəkildə inşa olunacaq. Fövqəladə Hallar Nazirliyinin ekspertizasından keçdikdən sonra isə qiymətləndirmə işləri aparılacaq.

Şəki şəhər İcra Hakimiyyətinin tikinti şöbəsindən isə bildiriblər ki, “Azəryolservis” ASC-nin sədrinə körpünün yenidənqurma işlərinin sürətləndirilməsinə köməklik göstərilməsi ilə bağlı rəsmi müraciət olunub.

Qeyd edək ki, Kiş kəndini şəhərlə və digər ərazilərlə birləşdirən yeganə əlaqə vasitəsi olan bu körpü 1995-ci ildə inşa olunub. İki aşırımlı körpünün bir hissəsinin uçması nəticəsində isə kəndin digər ərazilərlə əlaqəsi yalnız çayın içərisindən keçməklə salınan alternativ yol vasitəsi ilə həyata keçirilir. Lakin son günlər yağan yağışlar nəticəsində çayda suyun səviyyəsinin artması əhali ilə bərabər nəqliyyat vasitələri üçün də yolu keçilməz edir. Yaranmış vəziyyət isə Şəkinin ən böyük kəndlərindən olan və 7000-dən çox əhali yaşayan Kiş sakinlərinin narazılığına səbəb olur.

Bundan başqa, iki ay əvvəl körpünün uçması nəticəsində bu ərazilərdə olan tarix-memarlıq abidələrinə gedişdə və Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsinin Rusiya ilə həmsərhəd zastavalarının işində də müəyyən problemlər yaradır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar