Keyfiyyətsiz malların satışı 10 dəfəyədək azalıb
07 Avqust 2009 Cümə 22:40
Cərimələrin artırılması sahibkarları keyfiyyətsiz və saxta mal satışından çəkindirir

 

İstehlak bazarında keyfiyyətsiz mal satışına nəzarətin artırılması nəticəsində belə malların satışı 10 dəfəyədək azalıb. İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin mütəxəssisləri bildirir ki, cərimələrin bir neçə dəfə artırılması sahibkarları keyfiyyətsiz və saxta mal satışından çəkindirir.

İstehlak bazarına nəzarət üzrə dövlət xidmətinin rəisi Zahid İsayevin sözlərinə görə, bu ilin yanvar-iyun ayları ərzində saxlama müddəti ötmüş 40 tondan çox müxtəlif növ ərzaq malları, insanların gündəlik istehlakında geniş istifadə olunan qənnadı və kolbasa məmulatları, pendir, yağ, makaron, toyuq, tomat və s. mallar, 130 kq-dan artıq uşaq qidası satışdan çıxarılaraq məhv edilib. Bununla yanaşı, satışda aşkarlanan keyfiyyətsiz və saxta məhsullar arasında uşaq geyimi və oyuncaqları, sement üstünlük təşkil edir.

Qeyd edək ki, bir müddət əvvəl İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində istehlakçı hüquqlarının pozulmasına görə cərimələr bir neçə dəfə artırılıb. Bu da sahibkarları istehlakçıların hüquqlarını və ticarət qaydalarını pozmaqdan çəkindirir.

Xidmət rəhbərinin sözlərinə görə, əvvəllər bir ticarət obyektində orta hesabla 400 kiloqrama qədər keyfiyyətsiz məhsul aşkarlanırdısa, indi bu rəqəm 10 dəfə azalıb. Üstəlik belə məhsulların satışı ilə məşğul olan obyektlərin də sayında kəskin azalma var.

Qurumda hesab edirlər ki, inzibati tədbirlərin sərtləşdirilməsi ilə yanaşı sahibkarların və istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlər görülməlidir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar