Kəhriz suları saxta çıxdı
03 Avqust 2011 Çərşənbə 21:25
Kəhriz əmtəə nişanlı içməli təbii mineral sular uyğunluq sertifikatı olmadan istehsal olunub.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesi, 3282 məhəllə ünvanında yerləşən "Kəhriz" MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, dövlət nəzarəti tədbirləri nəticəsində müəyyən olunub ki, "Kəhriz" MMC "Kəhriz" əmtəə nişanlı qablaşdırılmış içməli təbii mineral su adı altında texnoloji təlimatı, uyğunluq sertifikatı olmadan məhsul istehsal edib.
Bundan başqa qablaşdırma materiallarının təkrar istifadə olunduğu aşkar olunub. Müəssisədə mövcud olan 14.05.2008 tarixli 50 saylı Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəyində suyun mənbəyi Gədəbəy rayonunun Nərimankənd kəndi göstərilsə də, faktiki olaraq müvafiq qurumlardan rəsmi sənədlər alınmadan su Qusar rayonunun Qarabulaq kəndindən gətirildiyi müəyyən olunub. İdarə əməkdaşları tərəfindən məhsuldan nümunələr götürülərək sınaqların aparılması üçün Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasına təqdim edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisəyə inzibati qaydada protokol tərtib edilib və məhsulun istehsal və satışının qadağan edilməsi barədə tələbnamə verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: