Keçilməz piyada keçidləri
13 Dekabr 2012 Cümə Axşamı 18:42
Vaqif Əsədov: "Piyadalar əsasən “görmədim”, “bilmədim”, “tələsirdim” kimi ifadələr işlətməyə üstünlük verirlər".
“Bakı şəhər üzrə qeydə alınan yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda artıq piyadaların vurulmasının ümumi hadisələrin 49 % ni təşkil edi. Bu da ötən illə müqayisədə azalma deməkdir”.

Bunu ANS PRESS-ə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Bakı şəhər ərazisində 50-dən artıq yeraltı, yerüstü piyada keçidi istifadəyə verilib. Hazırda onların artırılması istiqamətində işlər davam etdirilir.

“İlin əvvəlindən Bakı şəhəri üzrə tərtib edilən inzibati protokulların 23 mindən artığı təyin olunmayan tutulmayan yerdən keçən piyadalara tərtib edilən protokollardır. İyul ayından daxili işlər nazirinin xüsusi əmrinə əsasən post patrul xidməti müfəttişlərindən 110 nəfərdən artıq əməkdaş BŞDYP DYPİ-yə ezam edildi. Onlar paytaxtın inzibati ərazisindəki piyada keçidlərinin yaxınlığında xidmətə başlayıblar. Bu xidmət zamanı piyadalar tərəfindən yol hərəkət qaydaları pozulursa, onlar həmin əməkdaşlar tərəfindən məsuliyyətə cəlb edilirlər”.

BŞDYPİ rəsmisi piyadaların günahı üzündən yol nəqliyyat hadisəsi qeydə alınırsa, hadisənin ağırlığından asılı olaraq piyadaların cinayət məsuliyyətinə cəlb edildiyini bildirib. Artıq ilin əvəlindən bu günə qədər 8-dən artıq piyada cinayət məsuliyyətinə cəlb edilib. Bölmə rəisi piyadalarla bağlı ötən illərdə zəif iş aparıldığını etiraf etsə də, bu ildən bu prosesin gücləndiyini qeyd edir.

Piyadaların yol hərəkat qaydalarını pozması isə əsasən Neftçilər, Hüseyn Cavid prospektində, "Beşmərtəbə" adlandırılan yerdə, Aeroport yolunda və digər sahələrdə qeydə alınır. V.Əsədovun sözlərinə görə, təyin edilməyən yerdən keçməklə, həyatlarını təhlükə qarşısında qoyan piyadalar əsasən “görmədim”, “bilmədim”, “tələsirdim” kimi ifadələr işlətməyə üstünlük verirlər. Lakin, bu kimi bəhanələr piyadaları məsuliyyətdən azad edə bilməz. Çünki, piyadaların bu gün məsuliyyətə cəlb edilməsi onlar tərəfindən törədilən xətaların qarşısını alır.

Yol qaydalarını pozan piyadaların yaş aralığı isə əsasın 21-50 yaşdır. Tərtib edilən protokol sayını nəzərə aldıqda, kişi piyadaların daha çox yol hərəkəti qaydalarını pozduğu müəyyən edilir.

“Açığını etiraf etməliyəm ki, xanım piyadalara qarşı tərtib edilən cərimə məbləğində bir qədər çətinliklərimiz var. Çünki mental xüsusiyyətlərimizlə bağlı xanımlara tərtib edilən inzibati protokollar zamanı müəyyən problərlə üzləşirik. Piyada xanım yol hərəkəti qaydasını pozursa ona protokol tərtib edərkən üzərində şəxsiyyət vəsiqəsi olmadıqda məcburi olaraq yaxınlıqdakı polis bölməsinə aparılması zərurəti yaranr. Belə hallar bizim üçün də çətinlik törədir. Amma nə etməli... Qanunda tələblərini yerinə yetirməsi üçün polis qüvvə və bacarığında, səlahiyyətlərindən istifadə edib, tədbirlər görməyə davam edir”, - deyə Vaqif Əsədov bildirib.

İnsanların təyin edilməmiş yerlərdən yolu keçməsinin qarşısını almaq üçün hansı tədbirlərin görülməli olduğuna gəldikdə isə V.Əsədov bunun üçün bir müddət öncə artırılan cərimələrin yenidən artırılmasını məqbul hesab etmir. "Bu günə qədər cərimələr xeyli yüksəldilib. Bunun hesabına belə hadisələr azalıb. Hər bir hərəkət iştirakçısı ailə büdəcsinə qənaət etməyi düşünməlidir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar