Kaliforniyada ABŞ-Azərbaycan İKT forumu keçirilib
31 May 2011 Çərşənbə Axşamı 11:12
Kaliforniyada ABŞ-Azərbaycan İKT forumu keçirilib
Bakı - APA. Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyətinin Kaliforniyaya səfəri çərçivəsində Azərbaycanın Los-Ancelesdəki konsulluğunun təşkilatçılığı ilə ABŞ-ın qərb regionunda IV ikitərəfli forum keçirilib.
APA-nın xəbərinə görə, açılış nitqi ilə çıxış edən Kaliforniya ştatının Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbəri Con Çanq tədbir iştirakçılarını salamlayaraq, əməkdaşlıqda maraqlı olduğuna görə Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib.
Los-Anceles dairəsinin şerifi Leroy Baka bu yaxınlarda Azərbaycana baş tutan səfəri ilə bağlı təəssüratlarını bölüşüb. O, prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkədə iqtisadi tərəqqinin müşahidə olunduğunu vurğulayaraq, regionun inkişafı üçün buradakı münaqişələrin nizamlanmasının vacibliyini qeyd edib və bu məqsədlə biznes dairələrini səylərini gücləndirməyə çağırıb.
Daha sonra forum çərçivəsində iki seminar keçirilib. Los-Ancelesdəki konsulu Eli Süleymanovun aparıcılıq etdiyi birinci forumda Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, məşhur amerikalı politoloq, “STRATFOR” analitik mərkəzinin rəhbəri Corc Fridman, Beverli Hillz şəhərinin keçmiş meri Cimmi Delşad, “Boeing” şirkətinin vitse-prezidenti Martin Bentrott və “Orbital” kompaniyasının vitse-prezidenti Maykl Do çıxış ediblər.
Nazir Əli Abbasov çıxışında Azərbaycan hökumətinin ölkədə qabaqcıl texnologiyaların inkişafına və Regional İKT Mərkəzinin yaradılmasına istiqamətlənmiş məqsədyönlü siyasətindən, eləcə də iqtisadiyyatın qeyri-neft sektorunda xarici şirkətlər üçün mövcud imkanlardan söz açıb. Azərbaycanın strateji önəmini qeyd edən Corc Fridman ABŞ-ın maraqları baxımından regionda amerikan şirkətlərinin fəaliyyət göstərməsinin vacibliyini bildirib. Cimmi Delşadın fikrincə, Bakı dünyanın ən gözəl və sürətlə inkişaf edən şəhərlərindən biridir. Azərbaycanla aviasiya və kosmik tədqiqatlar sahəsində uğurlu əməkdaşlıq etdiklərini deyən “Boeing” və “Orbital” şirkətlərinin nümayəndələri azərbaycanlı tərəfdaşlarının peşəkarlığını yüksək qiymətləndiriblər.
İkinci seminar Çapman Universitetinin professoru Ceyms Koylun aparıcılığı ilə baş tutub. Seminarda işgüzar dairələrin təmsilçiləri, o cümlədən “Sinam” şirkətinin rəhbəri Elçin Əliyev, “Ultra” şirkətinin başçısı Tahir Mirkişili, “Qtel” şirkətindən Ceyhun Mollazadə, “SilverKey”dən Fərid İsmayılzadə, “Cybercom”dan Bryus Hakimi, “West Coast Connections”dan Elşən Baloğlanov və Trans-Avrasiya İnformasiys Magistralı layihəsinin nümayəndəsi İlyas Naibov-Əylisli çıxış ediblər. Seminar iştirakçıları Azərbaycanda iş təcrübəsini bölüşərək, əməkdaşlıq üçün konkret imkanları müzakirə ediblər.
“Montage Beverly Hills” hotelində keçirilən forumda Kaliforniyanın işgüzar dairələrinin, yerli hökumət orqanlarının və diplomatik korpusun nümayəndələri iştirak ediblər.
DOSTLARINLA PAYLAŞ: