K.Papulyas Heydər Əliyev Fondunda olub
06 Aprel 2011 Çərşənbə 00:51
Onu Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə tanış ediblər
Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas Heydər Əliyev Fondunda olub. Yunanıstan dövlətinin başçısını Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Yunanıstan Prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.

Fondla tanışlıq zamanı Yunanıstan Prezidentinə məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.

Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.

Prezident Karolos Papulyas Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Yunanıstan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar