İstismara qəbul olunmadan istifadəyə verilən binaların aqibəti necə olacaq?
24 Yanvar 2011 Bazar Ertəsi 17:05
FHN: “Həm tikinti şirkətlərinin rəhbərləri, həm də mənzillərdə yaşayanlar cərimə olunacaq”.
İstismara qəbul olunmadan istifadəyə verilən binalara görə həm hüquqi, yəni tikinti şirkətlərinin rəhbərləri, həm də fiziki, bu mənzillərdə yaşayan insanlar cərimə olunmağa başlayıb. Bu, dövlət komissiyalarından keçməyən 50-dən çox binaya aiddir.
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov ANS-ə açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinin müvaffiq maddəsində binanın istismara qəbul qaydalarının pozulmasına görə, həm hüquqi, həm də fiziki şəxslər üçün cərimə sanksiyaları nəzərdə tutulub. Biz də qanunun tətbiqinə başlamışıq.
“İstismar qaydalarını, istismara qəbul qaydalarını, yaxud da Dövlət Qəbul Komissiyalarından keçmədən istismar olunan binalarda buna şərait yaradan hüquqi şəxslərin cəriməsi 15 min manatdan, 30 min manata qədərdir. Bu vəziyyətə şərait yaratmış və ya səhlənkarlıq göstərmiş vəzifəli şəxslərin cərimə miqdarı 1500 manatdan 3 min manata qədərdir. Fiziki şəxslər həmin binada kooperativin üzvü olan, orden almadan, zorla öz mənzillərinə girib yaşayanlar 300 manatdan 600 manata qədər cərimə oluna bilirlər”, - deyə Elxan Əsədov vurğulayıb.
Qeyd edək ki, sözü gedən qanunsuz istismarda olan yaşayış binalarının tikintisi 2007-ci ilə qədər başa çatıb. Həmin il onların sayı 103 olsa da, sonradan bir qismi Dövlət Qəbul Komissiyalarından keçə bilib. Yerdə qalanı, yəni 50-dən çoxu isə hələ də bu prosesdən yan keçib.
Sədr müavininin sözlərinə görə, onların əksəriyyəti sənədləşmə intizamına riayət etmədikləri nəticəsində bu gün kənarda qalıblar. Elə tikinti şirkəti var ki, heç sərəncamını tapıb ortaya çıxara bilmir. Həmin şirkətlər sənədlərini qaydaya salandan sonra komissiyadan keçə biləcəklər. Qaldı ki, sənədlə nəzərdə tutulandan artıq mərtəbə ucaldılan binalara, tikintinin çoxdan başa çatdığını və artıq sakinlər tərəfindən istismar olunduğunu nəzərə alaraq, onların hamısının sökülməsi tələb olunmur. FHN onların tam yoxlanışlarını ödənişli şəkildə həyata keçirəcək. Bundan sonra qərar veriləcək.
“Ola bilər ki, yoxlamalar nəticəsində bütün mütəxəssislərin yekdil rəyilə qərar verilsin. Burada artıq tikilən 1 mərtbədə heç bir gücləndirmə işi təhlükəsizliyi təmin etmir. O halda həmin mərtəbələrin sökülməsi məsələsi qoyulur. Digər hallarda isə biz çalışırıq ki, buna getməyək. Qəzanın qarşısını müəyyən gücləndirmə tədbirləri ilə alaq”, - deyə Elxan Əsədov qeyd edib.
Bir sözlə, ev almaq istəyən sakinlər bundan sonra başlarının ağrımasını və cərimə ödəməklərini istəmirlərsə, işlərini bəri başdan ehtiyyatlı tutsunlar. Vətəndaşlar almaq istədikləri binanın vəziyyəti barədə Baş Dövlət Tikinti Müfəttişliyinə müraciət etməklə məlumat ala bilərlər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: