İstifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılıb
01 Fevral 2010 Bazar Ertəsi 23:25
Növbəti monitorinqlər zamanı təxminən 180 kiloqram ərzaq məhsulu məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin növbəti monitorinqləri zamanı təxminən 180 kiloqram istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında bildirilib. Monitorinqlər Bakının Nərimanov və Binəqədi rayonlarında keçirilib.
Ticarət obyektlərindən kolbasa və qənnadı məmulatları, yağ, süd və süd məhsulları, pivə, meyvə şirələri, su, düyü, kofe və s. kimi ərzaq məhsulları satışdan çıxarılıb.
İstehlakçı hüquqlarını pozan fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.
Dövlət Xidməti istehlakçıları məhsul alarkən aldıqları məhsulun etiketinə və istifadə müddətinə diqqət yetirməyə çağırır. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: