"İstərdim ki, məcburi köçkünlər öz yurdlarına qayıtsınlar"
18 May 2011 Çərşənbə 12:08
Bunu Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib
"Səfərimin məqsədi Azərbaycanda qaçqın və məcburi köçkünlərin mövcud həyat şəraiti ilə yaxından tanış olmaq, Azərbaycan hökuməti ilə BMT-nin qaçqınlar üzrə ali komissarlığı arasında əməkdaşlıq çərçivəsində təmsil etdiyim qurumun nə edə biləcəyini müəyyən etməkdir". Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının qaçqınlar üzrə ali komissarı Antonio Quterreş bildirib.
"Azərbaycan artıq müasir inkişaf etmiş dövlətə çevrilməkdədir və buna görə də beynəlxalq ictimaiyyət qarşısında qaçqınlar və məcburi köçkünlərin qorunmasında mühüm rol oynaya bilər. BMT-nin qaçqınlar üzrə ali komissarlığı sırf humanitar məqsədli fəaliyyət aparan təşkilatdır. Amma biz bilirik ki, sizin problem sırf humanitar yox, həmçinin siyasi məsələdir. Mən öz tərəfimdən yardımcı olmaq istərdim ki, bu məsələnin siyasi nizamlanması tapılsın və məcburi köçkünlər, qaçqınlar öz yurd yuvalarına qayıda bilsin", deyə BMT rəsmisi əlavə edib
Qeyd edək ki, A. Quterreş artıq Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Ali komissar bu gün Ağdam və Yevlaxa səfər edərək, məcburi köçkünlərin həyat şəraiti ilə tanış olacaq.
DOSTLARINLA PAYLAŞ: