İstehlakçıları aldadan sahibkarlar ciddi cəzalandırılmalıdır
29 Avqust 2013 Cümə Axşamı 16:58
Azərbaycanda il boyu saxta endirim kampaniyalarına rast gəlmək mümkündür.
Paytaxt mağazalarında il boyu müşahidə etdiyimiz saxta endirimlər əhalini cəlb etmək üçün “əla fürsətdir”. Bəzi işbazlar bu üsuldan istifadə edərək gəlir əldə etməyə çalışırlar. Böyük rəqəmlərlə vitrinlərə yazılan 50-70% endirimlərə aldalan sadə vətəndaş isə asanlıqla bu cür kampaniyaların qurbanı olur. Xarici ölkələrin praktikasına nəzər salsaq görərik ki, bu cür endirimlər mağazalarda yalnız mövsümü bitmiş, yaxud keyfiyyət göstəriciləri aşağı düşmüş mallara tətbiq edilir. Bizdə isə endirim kampaniyalarına il boyu rast gəlmək mümkündür.
Sahibkarlar bu yolla müştərilərin diqqətini öz bizneslərinə cəlb etmək istəsələr də, əslində belə hallar reklamdan çox anti reklama səbəb olur. Əvəzində isə istehlakçı və sahibkar arasında inamın itməsinə gətirib çıxarır. Sonda isə bu müştəri sayının azalması və gəlirlərinin aşağı düşməsinə gətirib çıxarır. Mütəxəssilər isə hesab edirlər ki, reklam haqqında qanunda olan boşluqdan yararlanan bəzi işbazlar bundan sui istifadə edərək süni endirimlərlə istehlakçıların hüquqlarını pozur.
İqtisadçı ekspert Samir Əliyev, bu cür halların qarşısını almaq üçün cəzaların sərtləşdirilməsinə ehtiyac olduğunu deyir: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunla bu cür hallar nizamlanır. Ancaq buna baxmayaraq bəzi sahibkarlar qanundakı boşluqlardan istifadə edirlər. Aidiyyatı qurumlar saxtakarlığa yol verən sahibkarlara qarşı ciddi nəzarət etməli və cəzalar sərtləşdirilməlidir. Əks halda bu cür saxta endirimlər yenə də dəvam edəcək”.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, saxta endirim hallarının qarşısını almaq üçün mütamadi nəzarət tədbirləri aparılır. Mövsüm dəyişən zaman tez-tez bu cür hallara rast gəlindiyindən Antiinhisar Dövlət Xidməti nəzarəti daha da artırır. Saxta endirimdən istifadə edən sahibkarlara saxtakarlıq etdikləri dövr ərzində əldə etdikləri gəlirin 10% qədəri maliyyə sanksiyası həyata keçirilir.
Qeyd edək ki, xarici ölkələrdə endirimlərlə bağlı təcrübə bizdən fərlidir. Misal üçün Rusiyada mağaza təkrar olaraq 3 dəfə saxta endirim təklif edirsə, həmin mağaza bağlanır və əmlakı müsadirə edilir. Hətta bu cür reklam kampaniyalarının dərəcələrinə də nəzarət olunur. Məsələn, elə həmin qonşu ölkə Rusiyada 25 faizdən, Ruminyada isə 30 faizdən artıq endirim dərəcəsi təyin etməyə icazə verilmir.
DOSTLARINLA PAYLAŞ: