İsmayıllı-Qaraməryəm-Şəki yolu bərpa edilir. Daşan Göyçay çayını məcrasına qaytarmaq mümkün olub.
İsmayıllıda yağış nəticəsində yaranan sel suları bu ərazidən keçən magistral yolda dağıntılara səbəb olub. Belə ki, gecə saat 23 radələrində başlayan intensiv xarakterli yağışlar İsmayıllı rayon ərazisindən keçən Göyçay çayında daşqınlar yaradıb. Nəticədə İsmayıllı-Qaraməryəm-Şəki avtomagistral yolunun 40-45 km-də yolun bir hissəsi uçaraq yararsız hala düşüb. Yolda hərəkət bir müddət dayandırılıb. Yalnız səhər saatlarında yolun bir zolaği üzrə nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.
İş icraçısı Elman Məhərrəmovun sözlərinə görə, gecə saatlarından başlayan intensiv xarakterli yağışlar Qaraməryəm-İsmayıllı-Şəki yolunu 41-43 km-də yolun çiyinlərində ciddi xəsarətlər yetirib: “3-4 metr dərinlikdə böyük çuxurlar əmələ gəlib. Səhər saatlarına təcili tədbirlər planı hazırlanıb, maşın və mexanizmlərimizi yolun çiyinlərinin bərpası üçün təşkil etmişik. Hazırda işlər gedir, çalışırıq ki, axşam saatlarına qədər yolun gediş-gəliş hissəsini hərəkətinin intensiv hərəkətini bərpa edək”.
Iş icraçısı onu da bildirdi ki, gecə saatlarından səhərə qədər əraziyə cəlb olunan ağır texnikanın köməyi ilə məcrasından çıxan sel sularının öz istiqamətinə qaytarılması mümkün olub. Selin gətirdiyi iri gövdəli ağaclar avtomagistral yolu birləşdirən körpüdən axan sel sularının qarşısını kəsib. Nəticədə Göyçay çayının bir qolu öz məcrasını dəyişərək avtomagistral yolana çıxıb.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəfail Əhmədov isə sel sularının yalnız magistral yola zərər verdiyini, rayonda digər fəsadlara səbəb olmadığını bildirib.