İşləyən əhali üçün yaşayış minimumu 160,66 manatdır
17 Fevral 2011 Cümə Axşamı 15:43
İTM: “Pensiyaçılar üçün bu rəqəm 146,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 199,39 manat təşkil edib”
İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) ekspertləri Azərbaycanın 10 regionunda 2011-ci ilin yanvar ayı ərzində aparılan qiymətlərin statistik müşahidəsinin nəticələri və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında yanvar ayı üzrə minimum istehlak səbətinin dəyərini hesablayıblar. Mərkəzin İctimaiyyətlə əlaqələr departamentindən ANS PRESS-ə verilən məlumata görə, həmin hesablamalara əsasən, cari ilin ilk ayında Azərbaycanda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün adambaşına 160,66 manat, pensiyaçılar üçün 146,16 manat, 0-14 yaşlı uşaqlar üçünsə 199,39 manat təşkil edib.

Ay ərzində əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,40 manat, pensiyaçılar 94,27 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 118,00 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 35,31 manat, pensiyaçılar üçün 33,08 manat, 0-14 yaşlı uşaqlar üçün 68,54 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,10 manat, 22,26 manat və 17,47 manat təşkil edib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar