Müraciətdə deyilir: «Şuşanın işğal tarixinin-8 mayın İşğal Olunmuş Ərazilər Günü elan olunması ilə bağlı biz bir neçə dəfə sizə müraciət etmişik. Bizim müraciətə millət vəkilləri, Milli Məclisin rəhbərliyi tərəfindən əsasən müsbət münasibət bildirilib, Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsi tərəfindən təklifimizin öyrənildiyi ilə bağlı hələ 2 il əvvəl bizə yazılı məlumat verilib. Lakin bu günə qədər hələ də heç bir qərar qəbul olunmayıb. Tarixlə bağlı uyğun qərarın qəbul olunması erməni işğalına dünya ictimaiyyətinin diqqətinin bir daha cəlb edilməsi, ölkədə vətənpərvərlik tərbiyəsinin, düşmənə nifrət hissinin gücləndirilməsi, döyüş əhval-ruhiyyəsinin yüksəldilməsi, düşmənin xalqımıza qarşı törətdiyi cinayətlərin unutdurulmasına yol verilməməsi baxımından ciddi əhəmiyyətə malikdir. Biz «İşğal Olunmuş Ərazilər» dedikdə İrəvan, Zəngəzur, Göyçə də daxil olmaqla son 100 il ərzində ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın hamısını nəzərdə tuturuq. Şuşanın təkcə Qarabağ üçün deyil, ümumiyyətlə, bütün Azərbaycan üçün qədimlik, mədəniyyət və mənəviyyat simvolu, rəmzi olduğunu, özündə müqəddəslik anlamı daşıdığını nəzərə alaraq məhz bu işğal tarixinin «İşğal olunmuş ərazilər günü» kimi qeyd olunmasını təklif edirik. Bu təklif həmçinin saxta təbliğat yolu ilə Şuşanın tarixini, mədəniyyətini erməniləşdirməyə, Şuşanın taleyi ilə bağlı məsələni danışıqlar prosesindən çıxartmağa çalışan ermənilərin cəhdlərinin qarşısının alınmasına yönəlib».
QAT MM-dən «İşğal olunmuş ərazilər günü» haqqında müraciətinə diqqətlə yanaşılmasını və yaxın vaxtlarda uyğun qanunun və yaxud qərarın qəbul olunmasına təşəbbüs edilməsini xahiş edir.
Röya Rəfiyeva /ANS PRESS/