İşğal olunan torpaqların qaytarılması güzəşt deyil
11 İyun 2011 Şənbə 15:48
"Levon Ter-Petrosyan hakimiyyətdə olarkən daha fundamental güzəştlər təklif verirdi"
Erməni Milli Konqresi (EMK) Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətindədir. Ermənistanın “Daşnaksütyun” partiyasının üzvü Arsvik Minasyan belə deyib.

Minasyan çıxışında hələ 1990-cı illərin sonlarına doğru Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli güzəştlərə hazır olduğunu bildirib. O, indi də Erməni Milli Konqresinin güzəştlərə getmək istəməsini xatırladarkən deyib ki, bu məsələ EMK üçün bir nömrəli məsələdir: “Birinci prezident mayın 31-də bəyan edib ki, ya sülh olacaq, ya da müharibə. O, 1998-ci ildəki mövqeyini nümayiş etdirir, güzəştlərin olmasına təkid edir. 1998-ci ildə də elə məhz bu mövqeyinə görə postunu tərk etməli olmuşdu. Hakimiyyət bu mövqeni təkzib etmədən münaqişənin həllini minimal güzəştlərlə təmin olunması üçün əsaslar yaratmağa çalışır”.

Azərbaycanlı politoloq Qabil Hüseynli isə ANS PRESS-ə açıqlamasında bildirdi ki, erməni siyasətçinin ağız dolusu danışdığı "güzəşt" Azərbaycanın beynəlxalq səviyyədə tanınmış hüquqlarının bərpasıdır.

“Ermənilər "güzəşt" deyərkən, Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonların boşaldılmasını nəzərdə tuturlar. Lakin Dağlq Qarabağın statusu, sülhmərmalıların yerləşdirilməsi, referendum məsələsində onların güzəştə hazır olduqlarını demək çətindir. "Güzəşt"i qeyd etdiyim ki, yalnız işğal altında olan və Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonlara şamil edirlər. Üstəlik əvvəl qeyd edildiyi 5+2 fortmatında deyil, məsələn, 3+2 variantını nəzərdə tuturlar, sonrakı 2 rayona Dağlıq Qarabağın statusunun müəyyən edilməsi vaxtına saxlamaq üçün toxunmurlar”.

Politoloq hesab edir ki, ermənilər Dağlıq Qarabağın ətrafında yerləşən Azərbaycan rayonlarını qaytarmaqla güzəştə getdiklərini və bununla da dünya ictimaiyyətinə nə qədər səxavətli və ədalətli olduqlarını iddia etmiş olacaqlar.

"Lakin dünya ictimaiyyəti əgər obyektiv olarsa, işğal edilmiş torpaqların qaytarılmasını necə güzəşt hesab edə bilər?", deyə Q. Hüseynli qeyd etdi.

Siyasi icmalçının sözlərinə görə, bu vaxta qədər dünya ictimaiyyətinin Ermənistana işğalçı kimi qəti qiymət verməməsi böyük bir qəbahətdir: “Bəzi xristian ölkələri, güc mərkəzləri qaytarılan 1-2 rayonu güzəşt hesab edə bilər. Amma işğalçının işğal etdiyi, talan etdiyi, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşməsi, Azərbaycana 30 mlrd-dan artıq ziyan dəyməsi, 30 mindən artıq insanın ölümünə səbəb olan torpaqlardan geri çəkiməsini mövcud dünya dəyərləri baxımından güzəşt elan etmək çətindir”.

Ermənistanın sabiq birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrdə təklif etdiyi məsələlərin daha fundamental xarakterdə olduğunu deyən Qabil Hüseynli qeyd edir ki, o, Dağlıq Qarabağa yüksək özünüidarə statusunu, dünyada mövcud olan ən yüksək muxtariyyətin verilməsi təklifi ilə barışırdı və o zaman Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul edirdi.

"Amma indi müxalifət mövqeyində bunu qəbul etmir", deyə politoloq vurğuladı.



DOSTLARINLA PAYLAŞ:

oyunlar