İrəvanla ikitərəfliəməkdaşlıq mümkün deyil”
19 Fevral 2011 Şənbə 02:03
İşğal faktoru Qara dəniz ətrafında dairəvi magistral yol ideyasının reallaşmasına mane olur
“Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməyənə qədər İrəvanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil”. Bunu nəqliyyat nazirinin müavini Musa Pənahov hakim Yeni Azərbaycan Partiyasının saytına müsaşibəsində Qara dəniz ətrafında dairəvi magistral yol ideyası və bu layihədə Azərbaycanın iştirakı barədə danışarkən deyib. Onun sözlərinə görə, bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək. Nazir müavini bildirib ki, layihə ilə bağlı Azərbaycan rəhbərliyinin dəqiq və dəyişməz mövqeyi ondan ibarətdir ki, ilk növbədə Ermənistan tərəfindən işğal edilmiş ərazilər azad edilməlidir: “Ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq”.

Musa Pənahov Azərbaycanın iri beynəlxalq və regional layihələrdə iştirakından danışarkən bildirib ki, ötən il Nəqliyyat Nazirliyinin və onun qurumlarının nümayəndələrinin BMT-nin Avropa və Asiya üzrə İqtisadi Komissiyaları, Avropa İttifaqı, MDB, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Dəmir Yollarının Əməkdaşlıq Təşkilatları (OSJD və MSJD) və digər təşkilatların tədbirlərində iştirakı təmin olunub və bir sıra dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli görüşlər, nəqliyyat əlaqələri üzrə mövcud komissiya və işçi qruplarının görüşləri keçirilib. 2010-cu ilin mart ayının 18-də Bakı şəhərində Nəqliyyat Nazirliyi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) təşkilatçılığı ilə “Cənubi Qafqaz üzərindən Əfqanıstana avtomobil yükdaşımalarının inkişafı” üzrə Qafqaz və Mərkəzi Asiya regionunun 8 tranzit ölkəsinin iştirakı ilə İşçi Qrupun iclası keçirilib: “Eyni zamanda beynəlxalq avtomobil daşımalarının inkişafı və bu daşımalarda Azərbaycanın tranzit ölkə kimi potensialının gücləndirilməsinə xidmət edən Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında “Asiya, Avropa və əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə Anlaşma Memorandumu” imzalanıb”. 2010-cu il 13-14 dekabr tarixlərində Kiyev şəhərində Azərbaycanın sədrliyi ilə keçirilən GUAM-ın Nəqliyyat üzrə İşçi Qrupunun növbəti 6-cı iclasında Azərbaycan tərəfindən işlənib hazırlanmış “GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası” layihəsi bir daha müzakirə olunub və yekun razılaşdırılma üçün üzv dövlətlərə təqdim edilib.

Nazir müavinin sözlərinə görə, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu 1970-ci il 01 iyul tarixli “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə uyğun olaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təhlükəsizliyinin artırılmasını, beynəlxalq sərnişin və yük daşımalarında rəqəmsal taxoqrafların istifadəsini, belə daşımaları yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət olunmasını təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər həyata keçirilib: “Azərbaycan Respublikasının Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 24 dekabr 244 nömrəli Qərar qəbul etmişdir. Bu qərara əsasən, “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nə uyğun olaraq, Azərbaycan Respublikasında 2010-cu il 16 iyun tarixindən sonra dövlət qeydiyyatına alınmış, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan avtobuslar, habelə tam kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri 2011-ci il 01 yanvar tarixindən etibarən rəqəmsal taxoqraflarla təchiz edilməlidir”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar