İranda həbs edilən azərbaycanlı alim ailəsi ilə əlaqə saxlayıb
07 Dekabr 2009 Bazar Ertəsi 11:45
İran İslam Respublikasında həbs edilən azərbaycanlı alim Rəşid Əliyev bir neçə gün əvvəl ailəsi ilə əlaqə saxlayıb.
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Məmməd Bagir Bəhrami bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rəşid Əliyev ailəsi ilə əlaqə saxlayanda tam sağlam vəziyyətdə olduğunu deyib. Səfir, azərbaycanlı alimin hansı səbəbdən tutulması barədə onda məlumat olmadığını da söyləyib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev bir il əvvəl İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın “Sazan Electronics İndustry Company” şirkətinin dəvəti ilə Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanması işinin rəhbəri olub.
Şirkət rəhbərliyi R. Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o, bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə ötən il oktyabrın 5-də İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis Rəşid Əliyevin viza ilə bağlı problemi olduğunu bildirərək onu həbs edib. APA
DOSTLARINLA PAYLAŞ: