İran vətəndaşı Azərbaycandan deportasiya edilib
31 Oktyabr 2009 Şənbə 14:20
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağgöl Milli Parkının ərazisində qanunsuz ov edən şəxslər saxlanıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 28-də Ağgöl Milli Parkının əməkdaşları qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirdikləri reyd zamanı Milli Parkın ərazisində 90 ER 575 dövlət nömrə nişanlı “Niva” markalı avtomaşınla qarşılaşıb, onu saxlamaq istərkən maşında olanlar tabesizlik göstərərək ərazidən uzaqlaşıblar.

Lakin Milli Park əməkdaşları Ağcabədi rayon Polis Şöbəsinin nümayəndələrinin köməyi ilə qanun pozucularını saxlamağa müvəffəq olublar.

Ağgöl Milli Parkının inzibati ərazisində qanunsuz ov etməyə cəhd edən şəxslərin İran İslam Respublikasının vətəndaşı Zergani Ali Chaseb, Bakı şəhər sakini Rufulluzadə Sadiq Cabir oğlu və Tovuz rayonu Bayramlı kənd sakini Hüseynov Mustafa Cəbrayıl oğlu olduğu müəyyənləşib. Avtomobilə baxış zaman orada şahin quşunun ovlanması üçün istifadə olunan cələ, şahin quşu üçün papaq və canlı göyərçinlər aşkar edilib. Saxlanın şəxslər verdikləri ifadələrində bildiriblər ki, bu işdə onlara Suriya Ərəb Respublikasının vətəndaşı (şəxsiyyəti hələlik məlum deyil) başçılıq edib, təqib zamanı o, maşından düşərək qaçıb.
Saxlanılan şəxslər adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş şahin quşunu ovlamaq məqsədi ilə gəldiklərini bildiriblər.

Faktla bağlı maddi sübutlar götürülərək, qanun pozuntusu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 111.2 maddəsinə əsasən protokol tərtib edilib İran vətəndaşı Zergani Ali Chasebin Azərbaycan Respublikasının ovçuluq haqqında qanununun tələblərini kobud surətdə pozduğuna görə respublikadan deportasiya olunub. Onun ölkəyə gəlməsinə qadağa qoyulması ilə bağlı Azərbaycanın Xarici İşlər və Daxili İşlər nazirliklərinə müraciət edilib.

Hazırda qanun pozucularının verdikləri ifadələrdə adı çəkilən Suriya vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar