İqtisadi İnkişaf Nazirliyi martın 1-dən yoxlamalara başlayır
19 Fevral 2010 Cümə 13:35
Malların etiketlənməsi qaydalarına əməl edilməsi yoxlanacaq
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti martın 1-dən etibarən, ərzaq malları idxal edən təsərrüfat subyektlərində malların etiketlənməsi qaydalarına əməl edilməsi ilə bağlı yoxlamalara başlayacaq.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, "Yeyinti məhsulları haqqında” Qanuna əsasən Azərbaycana idxal edilən yeyinti məhsullarının etiket və adları, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcümə ilə müşayiət olunmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, istehlakçıya malın (xidmətin) istehsalçısı, istehlak xassələri, tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları, barədə dolğun və düzgün məlumat verilməlidir. Həmçinin malın hazırlanmasında istinad olunan standart və ya digər normativ sənədin adı, nömrəsi, malın sertifikatlaşdırılması və s. barədə də ətraflı məlumat verilməlidir.
Qanunvericiliyə əsasən, etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə cavab verməyən malların satışı qadağandır. Bu cür malların satışı ilə məşğul olan şəxslər inzibati qaydada məsuliyyət daşıyırlar.
Dövlət Xidməti ərzaq malları idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə malların etketlənməsi qaydalarına əməl etməyi tövsiyə edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: