İnternat uşaqlarının arzusu nə vaxt çin olacaq?
25 Avqust 2009 Çərşənbə Axşamı 17:50
Uşaqların ailələrə verilməsi ilə bağlı proqramın qəbulundan üç il keçsə də, bir uşaq da olsun ailəyə verilməyib
Doqquz yaşlı Fərid internatda yaşayır. İki ildir buradadır. Deyir ki, anası dünyasını dəyişəndən sonra atası onu və kiçik qardaşını internata gətirib: «Atam söz verib, pulumuz olan kimi bizi buradan aparacaq». Balaca Fərid bunun nə zaman baş verəcəyini bilməsə də, həmin günü səbirsizliklə gözləyir.
Ölkədə Fərid kimi valideynlərinin onların əlindən tutub internatdan evlərinə aparacağı günü gözləyən uşaqlar minlərlədir. Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda 55 dövlət uşaq müəssisəsində 14.389 nəfər uşaq təlim-tərbiyə alır. Üç il əvvəl qəbul olunan «Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı» da Fərid kimi uşaqların ailələrə verilməsini nəzərdə tutur. Amma proqramın qəbulundan üç il keçsə də, indiyədək bir uşaq da olsun, ailəyə verilməyib. Qeyd edək ki, Dövlət Proqramı 2006-2015-ci illəri əhatə edir.
Proqramın qəbulundan üç il keçsə də, hərəkət yoxdur...
Uşaq Hüquqlarını Müdafiə Liqasının (UHMQ) rəhbəri Yusif Bəkirov bildirir ki, qəbulundan üç il keçsə də, proqramın icrasına başlanılmayıb: «Dövlət proqramını həyata keçirməli olan Təhsil Nazirliyi və digər aidiyyatı qurumlar bu istiqamətdə heç bir iş görmür. Beynəlxalq təcrübəni öyrənmək üçün treninqlər, seminarlar keçirildi, xarici ölkələrə gedib gəldilər, amma konkret olaraq ortaya heç nə qoyulmadı. Halbuki BMT-nin Uşaq Komitəsi internatların ləğvi ilə bağlı 1996-cı ildə Azərbaycan hökumətinə tövsiyyə verib».
Rəsmilər bu proqramın icrasını istəmir?
Y.Bəkirovun sözlərinə görə, aidiyyatı qurumlar proqramın işləməsində maraqlı deyil: «Çünki dövlət tərəfindən internatlara külli miqdarda pul ayrılır. Dövlət məmurları internatların bağlanmasını istəmir. Çünki internatlar bağlansa, onlar külli miqdarda pullardan məhrum olacaq. Bir uşağın internatda saxlanılması ayda 200-250 manata başa gəlir. Uşaqlar ailələrə verildikdə, həmin pul da ailəyə verilməlidir. Amma bunu etmək istəmirlər. Beynəlxalq təcrübədə belədir. Yaxud da uşağı götürüb baxan ailəyə, istər öz ailəsi olsun, istər başqası - dövlət maaş verməlidir. Çünki uşaqların internatlara düşməsinin əsas səbəbi ailədəki maddi çətinliklərdir. Amma proqramı icra etmək əvəzinə internatlardan uşaqları qovmağa başladılar. 2007-2008-ci illərdə 5 minə yaxın uşaq internatdan çıxarılıb və ailələrinə verilib. Bu, uşaqların hüquqlarına qarşı amansız mübarizədir. Bu, deinstitusionalizasiya yox, uşaqların küçələrə atılmasıdır. Nəticədə uşaqlar küçə uşağına çevrilir».
«İnternatdan götürəcəyi uşağa baxmaq üçün ailəyə pul verilməlidir»
Ailə, Qadın və Uşaq Komitəsinin əməkdaşı Sənubər Əlizadə isə qeyd edir ki, uşaqların ailələrə verilməsi vacibdir. Bunun üçün ailələri razı salmaq lazımdır. O, bunun üçün ailələrə uşaqlara baxmaları müqabilində müəyyən məbləğdə pul verilməsi məsələsinin proqramda nəzərdə tutulduğunu da bildirib.
Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov da bildirir ki, internat və uşaq müəssisələrində yaşayan uşaqların ailələrə verilməsini nəzərdə tutan proqramda uşağı götürəcək ailəyə müəyyən miqdarda maliyyə vəsaitinin verilməsi nəzərdə tutulur. «Həmçinin ailəyə əlavə köməyin göstərilməsi nəzərdə tutulur. UNİCEF və Təhsil Nazirliyi hələ ki, bunun üçün minimal məbləği hesablayır». N.Seyidovun sözlərinə görə, keçən üç il müddətində bir uşaq belə bu proqram çərçivəsində ailələrə verilməyib. Səbəb Təhsil Nazirliyinin bununla bağlı mexanizmləri yenicə hazırlamasıdır.
Təhsil Nazirliyi üç ilə yalnız mexanizm hazırlayıb?
Mexanizmlər təsdiq olunmaq üçün Nazirlər Kabinetinə bir neçə ay əvvəl verilib. «Bu qaydalar təsdiq olunduqdan sonra əvvəlcə pilot layihələr həyata keçiriləcək, bir neçə uşaq ailələrə veriləcək. Qiymətləndirmə aparıldıqdan sonra isə internatlarda yaşayan 14 mindən artıq uşağın hamısı ailələrə veriləcək. Həmçinin bir neçə uşağın bir himayədar ailəyə verilməsi nəzərdə tutulur», - deyə Nabil Seyidov bildirib. Onun sözlərinə görə, nəticədə uşaq evləri və internatlar ləğv olunacaq. Həmçinin internat evlərini kiçik həcmli ailə tipli uşaq evləri əvəz edəcək. Yəni uşaqlar ailələrə daimi verilənə qədər onlara müvəqqəti ailələr qayğı göstərəcək.
«Uşaqlara veriləcək məbləğ real və ağlabatan olmalıdır»
Uşaq Hüquqları Klinikasının rəhbəri Nazir Quliyev isə deyir ki, uşaqların ailələrə verilməsinə 2010-cu ildən başlanılacaq. «Uşaq öz ailəsinə qayıtmağa hazırdır, ailə də onun qayıtmasını istəyir. Amma elə etmək lazımdır ki, uşaq ailədə yaşadığı zaman yeni problemlər yaranmasın. Buna görə tələsmək lazım deyil. Bu səbəbdən mexanizm hazırlanarkən Böyük Britaniyanın, Avstraliyanın, Kanada və Macarıstanın təcrübəsi öyrənilib». N.Quliyevin sözlərinə görə, internat müəssisələrinin saxlanmasına yönələn xərclər uşaqlar ailələrə verildiyi təqdirdə, uşağa və ailəyə veriləcək: «Proqramda nəzərdə tutulub ki, ailələrə verilən uşaqlar üçün saxlanma xərcləri, təhsil xərcləri ayrılsın. Bu məbləğ ağlabatan və real olmalıdır».
«Övladlığa götürülən uşaq üçün yardım verilməsi nəzərdə tutulmur»
Təhsil Nazirliyi De-institutlaşma və alternativ qayğı Dövlət Proqramının idarəolunması üzrə İşçi Qrupunun rəhbəri Məlahət Hacıyeva isə bildirir ki, işçi qrupu uşaqların müəssisələrə düşmə səbəblərinin öyrənilməsi üçün araşdırma aparıb. Müəyyən olunub ki, ölkədə uşaqların dövlət uşaq müəssisələrinə düşmə səbəblərinin əsasını - 47,1 faizini ailənin maddi vəziyyətinin pis olması təşkil edir. M.Hacıyeva qeyd edir ki, övladlığa götürülən uşaq qanunvericiliyə uyğun olaraq doğma oğul və ya qıza bərabər tutulduğundan, bu zaman heç bir həvəsləndirici və ya digər yardımlar nəzərdə tutulmur. Lakin himayədar ailələrə (alternativ ailə tipi) müəyyən maliyyə vəsaiti veriləcək. Amma konkret məbləğin nə qədər olacağı məlum deyil. O qeyd edib ki, uşaqlar ailələrə verildikdən sonra küçələrdən tapılan kimsəsiz uşaqlar kiçik həcmli sığınacaqlarda yerləşdiriləcək. M.Hacıyevanın sözlərinə görə, uşaqların müəssisələrə düşmə halları əvvəlki illərlə müqayisədə 2005 və 2006-cı illərdə sabit qalıb, 2007 və 2008-ci illərdə isə 18 faiz azalıb.
Uşaqların ailələrindən ayrı düşməsinin əsas səbəbi ailələrinin ehtiyac içində yaşamasıdır. Bunu «internat uşaqları»nın hamısı deyir. Bunu rəsmilər də bilir. Uşağını internata verən valideynlərin böyük əksəriyyəti də balasını internata atdığı üçün əzab çəkir və imkanı olarsa, onu geri götürəcəyini bildirir. Beləliklə, problemin əvvəlində pul dayanır, elə sonunda da…
Röya Rəfiyeva
DOSTLARINLA PAYLAŞ: