İnformasiya mənbələri sorğusu
14 Aprel 2009 Çərşənbə Axşamı 14:21
«Puls-R» Sosioloji Xidmət tərəfindən əhali arasında keçirilən sorğunun nəticəsi belədir

 

Azərbaycanda əhalinin əsas məlumat mənbəyi milli telekanallardır. «Puls-R» Sosioloji Xidməti tərəfindən əhali arasında keçirilən sorğunun nəticəsi belədir. Üç mərhələdə keçirilən sorğuda yaşı 18-dən yuxarı olan 1000 nəfər iştirak edib. Sorğu Azərbaycanın 15 rayonunu əhatə edib. Azərbaycan telekanalları arasında hər üç sorğunun nəticələrinə görə, böyük fərqlə birinciliyi ANS kanalı (67,6 %) saxlayıb. İkinci və üçüncü yerləri İTV (29,0 %) və «Xəzər» (28,8 %) bölüşdürürlər. Sorğu təşkilatçıları bildirirlər ki, ATV (26,9 %), AzTV (23,6 %) və əsasən də «Lider» (17, 6% ) kanalları nəzərə çarpacaq dərəcədə tamaşaçı rəğbətini itiriblər.
Xarici telekanallar arasında yeganə yerli tezlikdə yayımlanan Türkiyənin TRT kanalı (7,2%) və digər xarici kanallar kimi kabel və ya peyk vasitəsi ilə yapımlanan «Kanal D» (4,0%) məşhurluq baxımından, Rusiyanın ORT (2,8%) və NTV (3,3 %) kanallarını qabaqlayırlar. Ümumilikdə isə məlumat mənbəyi baxımından xarici telekanalların məşhurluğu zəifləyir və onları yerli telekanallar əvəzləyir.
Qəzet oxuyucuları arasında kişilər əvvəlki kimi üstünlük təşkil edirlər. Qadınlar xəbərləri elektron KİV-dən öyrənməyə üstünlük verirlər. Qəzetlər arasında artıq neçə illərdir ki, liderliyi «Yeni Müsavat» (4,2% ) saxlayır. Keçən ilin sorğusuna əsasən ikinci mövqeyə hökumətin «Azərbaycan» (4,1%) qəzeti çıxıb. Rusdilli nəşrlər arasında birincilik «Nedelya» (2,9%) həftəlik qəzetinə keçib. Gündəlik qəzetlər arasında isə «Exo» (2,8%) qəzeti «Zerkalo» (1,3%) qəzetini bir qədər qabaqlayıb.
Həm yerli, həm xarici radio kanallarının vəziyyəti, məlumat mənbəyi kimi hamı üçün münasib olmasına baxmayaraq, qənaətbəxş deyil. Məşhurluğuna görə, onlar təkcə telekanallardan yox, hətta qəzetlərdən də geridədirlər. İstisna olaraq ANS ÇM (2,5%) və 106 FM (2,8%) kanalları qeyd olunub. Xarici radiokanalların yayımı dayandırıldıqdan sonra onların reytinqi müəyyənləşdirilməyib.
Respondentlərin təxminən 1/4 hissəsi məlumatları əsasən dostlar, qonşular və qohumlarla söhbətlərdən əldə edir. Maraqlıdır ki, internetin inkişafına baxmayaraq, sorğunun nəticələrinə görə, onu məlumatın əldə edilməsi mənbəyi kimi qeyd edənlərin sayı azalıb. Ən əsası isə maraqlıdır ki, siyasi və ictimai hadisələrlə maraqlanmayanların sayı mühüm dərəcədə artıb.

Qeyd edək ki, sorğu 2009-cu ilin yanvar-fevral aylarında "Puls-R" Sosioloji Xidməti tərəfindən keçirilib. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar