İnflyasiyanı necə tənzimləmək olar?
11 Fevral 2011 Cümə 18:35
Ekspert: "Mərkəzi Bank uçot stavkasını 3 faizdən 4 faizədək artırmalıdır"
Dünya bazarında ərzağın balaşması prosesi davam edir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, taxıl, ət, süd, yağ və digər ərzaq məhsullarının qiyməti qlobal iqtisadi böhran zamanı belə bu dərəcədə yüksək olmayıb. Konkret olaraq şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb. Hazırda dünya bazarında şəkərin tonu 835 dollara yüksəlib. Ekspertlər bildirir ki, dünya bazarındakı bahalaşma Azərbaycanın istehlak bazarına təsirsiz ötüşməyəcək. Proqnozlara əsasən, ölkədə inflyasiya səviyyəsi ötən illə müqayisədə cari ildə daha yüksək olacaq.
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, istər rəsmi, istərsə də müstəqil tədqiqatlar 2011-ci ilin Azərbaycan iqtisadiyyatı üçün prioritet məsələlərdən birinin inflyasiyaya qarşı mübarizənin aparılması olduğunu göstərir: “İnflyasiya ilə mübarizəni yalnız qiymətlərin tənzimlənməsi, süni qiymət artımlarına qarşı mübarizənin aparılması formasında deyil, dolayı metodlar, eləcə də maliyyə sektorunun imkanlarından istifadə etməklə həyata keçirmək olar. Ölkə başçısının 2011-ci ildə qiymət siyasətinin tənzimlənməsi ilə bağlı göstəriş verdiyini, o cümlədən BMT və digər beynəlxalq qurumların bu il dünyada ərzaq qıtlığının yaranacağı yönündə proqnozlarını nəzərə alsaq, qiymətlərin dolayı yaxud birbaşa metodlarla tənzimlənməsi olduqca vacibdir”.
2011-ci ildə dünya bazarında qiymət artımlarının davam edəcəyini vurğulayan iqtisadçı bildirir ki, artıq ilin ilk ayında bahalaşma müşahidə edilib: “Dünya bazarındakı bahalaşma Azərbaycana idxal olunan məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq. Artıq yerli istehsal məhsullarının qiymətlərində artımlar müşahidə edilməkdədir. Apardığımız tədqiqatların nəticəsi kimi Mərkəzi Bankın uçot dərəcəsinin 3 faizdən 4 faizədək artırılması ilə bağlı qərar qəbul etməsi məqsədəuyğun hesab olunub. Uçot stavkasının artırılması iqtisadiyyatda aqreqat tələbdəki artımların azalmasına gətirib çıxarır. Təbii ki, bu azalma inflyasiya səviyyəsinin tənzimlənməsinə imkan verəcək. O baxımdan Mərkəzi Bankın uçot stavkasının artırılması istehlakçıların xərclərinin azalmasına gətirib çıxara bilər”.
Qlobal maliyyə böhranı ilə bağlı Mərkəzi Bankın uçot stavkasını mərhələli şəkildə 15 faizdən 2 faizə qədər azaltdığını, 2010-cu ilin sonlarında isə uçot stavkasını 2 faizdən 3 faizə qaldırdığını xatırladan iqtisadçının sözlərinə görə, uçot stavkasının artırılması borclanma xərclərinin artımına, istehlakçıların xərcləmələrinin azalmasına gətirib çıxarır: “Eyni zamanda digər ölkələrin təcrübəsi uçot stavkasının artırılmasının pula qənaət edilməsi baxımından olduqca cəlbedici olduğunu göstərir”.
V.Bayramov qeyd edir ki, uçot stavkasının qaldırılması əmlak bazarına birbaşa təsir edəcək: “Fiskal siyasət baxımından qiymətlərin tənzimlənməsinə imkan yaradır. Uçot stavkası aşağı olan zaman pul təklifi artır. Pul təklifinin artması borclanmalar, liberal kredit siyasəti üçün hər hansı maneələrin yaranmasına gətirib çıxarmır. Bu da birmənalı şəkildə inflyasiyanı artıran səbəblərdir”.
Ekspertin qənaətinə görə, uçot dərəcəsinin 1 bənd artırılması həmçinin böhranın sonuncu mərhələsində bankların sağlamlaşdırılması baxımından əhəmiyyətli ola bilər.
DOSTLARINLA PAYLAŞ: