İmişlidə qrunt suları 1 metrə qədər yüksəlib
11 May 2010 Çərşənbə Axşamı 21:25
33-ə qədər ev uçub, 250-yə qədər ev qəzalı vəziyyətə düşüb.
Araz çayında suyun səviyyəsinin qalxması İmişlidə də evlərin su altında qalması ilə nəticələnib. Yaşayış məntəqələrində qrunt sularının hündürlüyü 1 metrə qədər yüksəlib.

Bir həftə əvvələdək Araz çayından axan suyun səviyyəsi adi normadan üç dəfəyə yaxın artıq olub. Qeyd edək ki, araz çayı İmişli-Saatlı rayonlarının ərazisindən keçdikdən sonra Sabirabadda Kürlə qovuşur. Mütəxəssislər bunu Kürdə suyun səviyyəsinin kəskin şəkildə artmasına və bir neçə gün əvvəl Şirvanın Bayramlı qəsəbəsində bəndin dağılmasına səbəb yaradan amillərdən biri hesab edir. Amma son 2 gündə Araz çayında suyun səviyyəsinin aşağı düşdüyü müşahidə olunur.

Bəhrəmtəpə Hidroqovşağı İdarəsinin rəisi Mirqoca Miriyev bildirib ki, adi vəziyyətdə Bəhrəmtpə Hidroqovşağından 300-400 kub su keçir. Əvvəllər saniyədə 1130 kuba qədər Bəhrəmtəpə qovşağından su buraxılsa da, dünən saniyədə 840 kubmetr, bu gün isə 800 kubmetr su buraxılıb.

Bəhrəmtəpə Hidroqovşağı İdarəsinin rəisi Mirqoca Miriyevin sözlərinə görə, Araz çayında suyun səviyyəsi hələ də yüksək olaraq qalır. Odur ki, İmişli rayonunun Araz çayı boyundakı 5 kəndi, o cümlədən rayon mərkəzində olan 2 mindən artıq ev qurunt suları içərisinədir. Hazırda İmişlinin çay sahilinə yaxın yaşayış məntəqələrində qrunt sularının səviyyəsi 70-80 santimetrə, bəzi yerlərdə isə hətta 1 metrə çatır.

Araz çayında suyun səviyyəsinin yüksəlməsi çiy kərpicdən olan tikililərə daha çox təsir göstərib və rayon Fövqəladə Hallar Komissiyası bununla bağlı qeydiyyat aparıb.

İmişli rayon Fövqəladə Hallar Komissiyasının üzvü Nazim Rəsulovun sözlərinə görə, 33-ə qədər ev uçub, 250-yə qədər ev qəzalı vəziyyətə düşüb. Qəzalı vəziyyətə düşən və uçmuş evlərdən 200-ə qədər vətəndaş yaxın qohumlarının evlərinə köçürülüb.

Hazırda rayonda Fövqəladə Hallar Nazirliyinin, “Azərsu tikinti, meliorasiya və su təsərrüfatı” Səhmdar Cəmiyyətinin texnika və canlı qüvvəsi həyətlərdən qrunt sularının təmizlənməsini, eyni zamanda bənd bərkitmə işlərini həyata keçirir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar