"İlin ən yaxşı Dövlət səhifəsi"
25 May 2011 Çərşənbə 21:05
Mərkəzi Bankın internet səhifəsi “Netty” müsabiqəsinin qalibi elan olunub
Mərkəzi Bankın İnternet səhifəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən “Netty” müsabiqəsinin “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə qalibi elan olunub. Mərkəzi bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ildə bankın internet səhifəsi öz fəaliyyəti ilə dövlət strukturları arasında “İlin ən yaxşı dövlət səhifəsi” nominasiyası üzrə 1-ci mərhələdə ictimaiyyət tərəfindən, ikinci mərhələdə isə münsiflər heyəti tərəfindən birirnci yerə layiq görülüb.

Müsabiqədə dövlət, elm və təhsil, mədəniyyət və incəsənət, informasiya və xəbərlər, idman, korporativ və elektron kommersiya üzrə ümumilikdə 286 internet səhifə iştirak edib.

Müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edənlər Azərbaycanın ən yaxşı veb-layihələrini, informasiya texnologiyaları sahəsində mütərəqqi xadimlərini üzə çıxaran və dəyərləndirən, NETTY mükafatının bir neçə il ərzində milli internet sahəsində ən qabaqcıl, nüfuzlu və kütləvi tədbir olduğunu qeyd ediblər.

Sonra isə qaliblərin adı açıqlanıb. Mükafatı Mərkəzi Banka Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təqdim edib.

NETTY-2011 Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır.

Qeyd edək ki, “Netty” müsabiqəsi 2005-cı ildən fəaliyyət göstərir, “İlin ən yaxşı Dövlət səhifəsi” nominasiyası üzrə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Mədəniyyət və Turizm Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kimi dövlət qurumları qalib gəliblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar