İlham Əliyev xalça muzeyinin yeni binasında olub
31 Mart 2011 Cümə Axşamı 00:14
Dövlət başçısı “Kiçik Venesiya şəhərciyi”ndə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə də maraqlanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə tanış olub. Təməli 2008-ci ilin mayında Dənizkənarı Milli Parkda qoyulan muzeyin yeni binası Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, YUNESKO-nun birgə layihəsi əsasında inşa edilir. Muzey binasının layihəsi hazırlanarkən ilk növbədə, milli memarlıq ənənələrinə daha çox üstünlük verilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev layihənin icrası ilə bağlı həyata keçirilən inşaat işlərinin gedişi barədə dövlətimizin başçısına məlumat verib. Xalça muzeyinin dördmərtəbəli yeni binasının ümumi sahəsi 18 min 446 kvadratmetr olacaq. Binanın birinci mərtəbəsində muzeyin qonaqları üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılıb. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcək. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri olacaq. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulub. Muzeyin foyesində cəvahirat və qiymətli bəzək əşyalarının sərgisi üçün seyf tipli otaqlar olacaq. Layihədə binanın uzunluğu 121,25 metr, eni 22,3 metr, hündürlüyü 18,5 metr nəzərdə tutulub.
Muzeyin yeni binasının orijinal memarlıq üslubu ilə seçiləcəyi qeyd olunub. Binanın ətrafında yaşıllaşdırma işlərinin aparılacağı, muzey kompleksinin yaradılacağı bildirilib. Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı qeyd olundu. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcək.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyev “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə həyata keçirilən əsaslı yenidənqurma və bərpa işlərinin gedişi ilə də tanış olub. Dövlət başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün əvvəlki xidmət növləri saxlanılmaqla burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verib.
DOSTLARINLA PAYLAŞ: