İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olub
16 Avqust 2011 Çərşənbə Axşamı 00:14
Dövlət başçısı kanalın birinci mərhələsini istismara verən düyməni basıb
Prezident İlham Əliyev Şabran rayonunda 10,7 kilometrlik birinci mərhələsi istismara verilən Vəlvələçay-Taxtakörpü kanalı ilə tanış olub. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və tikinti işlərini həyata keçirən “Azərkörpü” Açıq Səhmdar Cəmiyyətinin rəhbəri Əfəndi İsmiyev dövlət başçısına görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, ötən müddətdə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi ən vacib layihələrdən biri Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlıdır. Bu layihə çərçivəsində Samur çayı üzərindəki Baş Hidroqovşaq əsaslı şəkildə bərpa edilib, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsi tam yenilənib. Mükəmməlliyi ilə diqqət çəkən Baş Sudurulducu qurğu tikilib, müasir hidrotexniki qurğuları ilə birlikdə beton üzlüklü Xanarx kanalı da artıq istismardadır. Azərbaycan tarixində ilk dəfə təsərrüfatlararası beton kanallar inşa olunub.

Qeyd edilib ki, 14 il ərzində 4 mərhələdə həyata keçiriləcək Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində hazırda beynəlxalq səviyyəli Taxtakörpü Su Anbarı, Vəlvələçay-Taxtakörpü kanalı və Taxtakörpü-Ceyranbatan kanalının tikintisi davam edir. Ən son elmi-texniki yeniliklərə əsaslanan bu cür hidrotexniki qurğular yalnız inkişaf etmiş ölkələrdə inşa edilir. Dövlət başçısına məlumat verilib ki, kanalın tikintisinin başa çatan ilkin mərhələsinin inşası İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilib. Beton üzlüklü kanalın ümumi uzunluğu 31,45 kilometrdir. Suburaxma qabiliyyəti saniyədə 75 kubmetr olan bu hidrotexniki qurğunun dibdə eni 4 metr, dərinliyi isə 4,3 metrdir. Kanal öz başlanğıcını Samur-Abşeron kanalının Vəlvələ çayının sonrakı hissəsində tikilib baş sugötürücü qurğudan götürməklə Şabran çayından ikixətli dükerlə keçərək sona çatır. Birinci mərhələnin inşası zamanı 3 milyon kubmetrədək torpaqqazma, 200 min kubmetrədək tökmə və 61 min kubmetrədək beton işləri həyata keçirilib. Beton üzlüyün qoyulmasında ən müasir tikintilərdə rast gəlinən xüsusi betondöşəyici maşınlardan istifadə olunub. Kanalın bu hissəsində bir baş qurğu, 2 düker, 4 körpü və 12 selötürücü qurğu tikilib.

Prezident İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsini istismara verən düyməni basıb.

Dövlətimizin başçısına kanalın Dövlət Neft Fondunun vəsaiti hesabına tikilən 20,75 kilometrlik ikinci hissəsi barədə də məlumat verilib. Qeyd olunub ki, həmin mərhələdə 3 düker, 2 tunel, 10 körpü, 20 selötürücü və digər hidrotexniki qurğular inşa ediləcək. İndiyədək 14 kilometrə qədər açıq kanalın 10 kilometrlik hissəsində beton üzlük qoyulub, ümumi uzunluğu 5,7 kilometr olan iki tuneldən birinin tikintisi başa çatdırılmış, ikincisində isə 800 metr uzunluğunda qazma və betonlama işləri qalıb. Kanal üzərindəki digər hidrotexniki qurğuların tikintisi başa çatdırılmaq üzrədir. Bu obyektdə tikinti işləri 2012-ci ildə yekunlaşdırılmalıdır. Həmin layihənin həyata keçirilməsi nəticəsində ümumilikdə 19 min hektardan çox sahədə əkin sahəsinin suvarma suyu ilə təchizatı yaxşılaşacaq, Şabran rayonunda 8866 hektar yeni suvarılan sahələr istifadəyə veriləcək.

Prezident İlham Əliyev melioratorları və inşaatçıları Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsinin istifadəyə verilməsi münasibətilə təbrik edib. Sonra xatirə şəkli çəkdirilib.

Dövlət başçısına Vəlvələçay-Taxtakörpü kanalının birinci mərhələsi çərçivəsində görülən işlərlə əlaqədar bölgədə aqrar sektorun inkişafı üçün yaranan əlavə imkanlar barədə məlumat verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar