İlham Əliyev sentyabr ayında Polşaya səfər edəcək
20 Aprel 2011 Çərşənbə 11:16
Bu barədə Azərbaycanın Polşadakı səfiri Polşa Seymində çıxışı zamanı məlumat verib
Polşa Respublikası Seyminin Şərq Tərəfdaşlığı məsələləri üzrə daimi komissiyasında Şərq Tərəfdaşlığı proqramı ilə bağlı dinləmələr keçirilib. Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən verilən məlmata əsasən, Komissiyaya daxil olan deputatlarla yanaşı, “twinning” layihəsi çərçivəsində Polşada səfərdə olan AR Milli Məclisindən nümayəndə heyətinin də qatıldığı görüşdə səfir Həsən Həsənov çıxış edib.
Həsən Həsənov çıxışı zamanı Azərbaycanın Avropaya inteqrasiyada maraqlı olmasından və bu baxımdan ŞT-yə böyük önəm verməsindən danışmış, Azərbaycanda ŞT proqramı çərçivəsində Assosiasiya sazişi, Hərtərəfli İnstitusional Quruculuq proqramı, Euronest layihəsi və s. istiqamətində görülmüş işlər və hazırkı vəziyyət barədə məlumat verib. Çıxış zamanı enerji sahəsində əməkdaşlıq məsələləri barədə də məlumat verilib.
Səfir Həsən Həsənov Azərbaycanın etibarlı tərəfdaş olmasına, Aİ Azərbaycan əməkdaşlığının strateji xarakter daşımasına baxmayaraq, Aİ rəsmiləri tərəfindən ölkəmizin ərazi bütövlüyünə birmənalı və açıq dəstək verilməməsi, Avropa Parlamenti deputatları tərəfindən işğal edilmiş Dağlıq Qarabağa qanunsuz səfərlər edilməsi və bu səfərlərə Aİ tərəfindən rəsmi reaksiya verilməməsinin təəssüf doğurduğunu diqqətə çatdırıb. Səfir Ermənistanın təcavüzkar siyasəti nəticəsində hazırda ölkəmizdə bir milyonadək qaçqın və məcburi köçkün olduğunu, onların ağır vəziyyətdə yaşamalarına görə Ermənistanın məsuliyyət daşıdığını bildirib. Hazırda ölkəmizin iqtisadiyyatının sürətlə inkişaf etdiyini, qonşu ölkələrlə iqtisadi əlaqələrinin gücləndiyini bildirərək, Azərbaycanla əməkdaşlıqdan Ermənistanın da faydalana bilməsi üçün işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsinin yeganə yol olduğunu xüsusi vurğulayıb.
Sonda Azərbaycan Polşa münasibətlərindən danışan Həsən Həsənov, iki ölkə başçısının Davos Forumu çəçrivəsində görüşdüklərini bildirib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ŞT-nin 2011-ci ilin sentyabr ayında Varşava şəhərində keçiriləcək növbəti zirvə görüşündə iştirak etmək üçün Polşaya səfər edəcəyi barədə məlumat verən Səfir Həsən Həsənov, bu səfərin Azərbaycanın Aİ-yə inteqrasiyasına təkan verəcəyini və Azərbaycan Polşa münasibətlərini daha yüksək səviyyəyə qaldıracağını bildirib.
DOSTLARINLA PAYLAŞ: