İlham Əliyev Şağan qəsəbəsində olub
17 Avqust 2011 Çərşənbə 17:52
Dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib
Bu gün Azərbaycan zrezidenti İlham Əliyev Xəzər rayonunun Şağan qəsəbəsində görülən işlərlə yaxından tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Azərbaycan Prezidentinə qəsəbənin planı əsasında məlumat verib.
Bildirilib ki, Şağanda 35 min kvadratmetrə yaxın qəsəbədaxili yollara yeni asfalt örtüyü döşənib. Qəsəbənin işıqlandırma sistemi müasir standartlara uyğun şəkildə yenidən qurulur. İndiyədək küçələrdə 100-ə yaxın yeni işıq dirəyi quraşdırılıb və bu proses hazırda davam etdirilir. Qəsəbədə işıq, su və qazlaşdırma ilə bağlı bütün məsələlər demək olar ki, həllini tapıb. Şağan qəsəbəsində kanalizasiya sisteminin quraşdırılması da nəzərdə tutulur. Görülən işlər və həyata keçirilən abadlıq və quruculuq tədbirləri qəsəbənin simasını tamamilə dəyişib.
Abadlıq və quruculuq işləri ilə yaxından tanış olan İlham Əliyev qəsəbə sakinləri ilə görüşüb, onların arzu və təkliflərini dinləyib.
Sakinlər Şağan qəsəbəsində həyata keçirilən abadlıq və quruculuq tədbirlərinə görə dövlət başçısına minnətdarlıq ediblər. Qəsəbə sakinləri Şağanda yeni mədəniyyət evinin inşa olunmasını və qəsəbədəki Füzuli Gözəlov adına 124 nömrəli orta məktəb binası üçün yeni korpusun tikilməsini prezidentdən xahiş ediblər.
Sakinlərlə görüşdən sonra dövlət başçısı 124 nömrəli orta məktəbə gedərək buradakı vəziyyətlə yerindəcə tanış olub. Bildirilib ki, 520 şagird yerlik bu məktəbdə 800-ə yaxın şagird təhsil alır. Məktəbdə dərslər iki növbədə keçilir.
Buradakı şəraitlə yaxından tanış olan İlham Əliyev məktəbin əsaslı şəkildə təmir olunmasını tapşırıb. Dövlət başçısı qəsəbədəki şagird sıxlığını nəzərə alaraq əlavə korpusun əvəzinə gələn il üçün Şağan qəsəbəsində 1000 şagird yerlik yeni məktəb binasının inşa olunması ilə bağlı göstərişlərini verib.
DOSTLARINLA PAYLAŞ: