İlham Əliyev MDB-nin yubiley sammitinə niyə getmir?
18 Avqust 2011 Cümə Axşamı 11:03
"Nezavisimaya qazeta" məsələyə aydınlıq gətirməyə çalışıb
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-3-də MDB ölkələri Dövlət Başçılarının Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Sammitində iştirak etməyəcək. Bunu Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. Məlumata görə, zirvə toplantısında ölkəmizi Azərbaycanın baş naziri Artur Rasi-zadə təmsil edəcək.

ANS PRESS-in məlumatına görə, Rusiyanın “Nezavisimaya qazeta” nəşri ekspertlərə istinadən yazır ki, buna İlham Əliyevin Soçidə Dmitri Medvedevlə Qarabağ üzrə apardığı müvəffəqiyyətsiz danışıqlar səbəb ola bilər.

“Ekspertlər bu addımı Moskvaya siqnal kimi qiymətləndirirlər – Rusiya tərəfdaşlarının gözündə münaqişənin nizamlanması üzrə vasitəçi imicini itirəcək. Bundan əlavə, qardaş paytaxtlarda Rusiyanı Kreml üçün fayda gətirəcək iqtisadi və siyasi güzəştlərə məcbur etmək məqsədi ilə ticarət müharibələri açmaqda ittiham edirlər”, - deyə qəzet yazır.

Rusiya nəşri məsələ ilə bağlı Karneqi Moskva Mərkəzinin eksperti Aleksey Malaşenkonun sözlərini sitat gətirir:

“Əliyevin belə addım atması, Rusiya üçün pisdir. Çünki o, tərəfdaşlarının gözündə vasitəçi obrazını itirir və əvəzində Ermənistan lobbiçisi obrazını formalaşdırır. Bunu məhz ehtiyatlı və ağıllı siyasətçi olan Əlyevin etməsi, onu hansı həddə çatdırdıqlarını göstərir. Əliyevin bu addımı MDB-nin iş bacarıqsızlığını təsdiq edir”.

Qəzet yazır ki, Azərbaycan prezidenti İlham Əliyevin MDB-yə üzv dövlətlərin Düşənbədə keçiriləcək sammitdə iştirak etməyəcəyinə dair xəbər avqustun 16-da verilib. Bəs nə üçün rəsmi Bakı Azərbaycan dövlət başçısının sammitdə iştirakını əvvələcə təsdiq edir, üç gün sonra isə öz qərarını dəyişir?

“Bu, Əliyevin Qarabağ nizamlanması üzrə danışıqlar prosesində başlıca olaraq baş verən son hadisələr ucbatından demarş etməsi barədə ehtimal irəli sürməyə səbəb olub. Deyirlər ki, Bakı vasitəçilərin mövqeyindən, xüsusilə də, onların təqribən 20 ildir Azərbaycanın yeddi ən iri və iqtisadi əhəmiyyətli rayonunu işğal altında saxlayan Ermənistana təzyiq göstərmək istəməmələrindən narazıdır”, - deyə ekspert bildirib.

Məlumdur ki, Azərbaycan MDB sammitində baş nazir Artur Rəsi-zadə ilə təmsil olunacaq.
Radio Svoboda isə yazır ki, Milli Məclisin deputatı, politoloq Rasim Musabəyovun fikrincə, “təkcə qeyri-rəsmi deyil, MDB-nin rəsmi tədbirləri əslində postsovet prezidentlərinin hansısa klubuna çevrilib. Son on ildə baş tutan görüşlər zamanı az əhəmiyyətli, daha çox Böyük Vətən müharibəsində əldə olunan qələbənin növbəti tarixini bayram etmək tipli ritual məsələlər müzakirə olunur və reallaşdırılır. Sirr deyil ki, bir çox prezidentlər MDB sammitinə Rusiya prezidenti ilə görüş barədə öncədən razılaşma olduğu halda gəlirlər. Prezident İlham Əliyev Dmitri Medvedevlə bu yaxınlarda Soçidə görüşüb və Rusiya-Azərbaycan münasibətlərini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini detallı şəkildə müzakirə edib. Erməni tərəfinin bu və ya digər formada Dağlıq Qarabağın mümkün seçessiyasını inadla pozmaq cəhdləri hazırki mərhələdə danışıqlar prosesinin davam etdirilməsini perspektvsiz etdi. Bu səbəbdən, Əliyev-Medvedev-Sarkisyan üçtərəfli görüşünün keçirilməsi mənasızdır və planlaşdırılmır. Belə olan halda Düşənbəyə getməyin və boş yerə vaxt itirməyin heç bir mənası yoxdur”, - deyə Musabəyov bldirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar