Ilham Əliyev Lənkəran sakinləri ilə görüşüb
15 Aprel 2011 Cümə 01:41
Masallıdan Astaraya gedən dğvlət başçısı Lənkəranda yolüstü dayanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanış olub. Dövlətimizin başçısı Ələt-Astara avtomobil yolunun sxemini əks etdirən stendlərə baxıb. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verib ki, Masallı və Astara rayonlarının ərazisindən keçəcək birinci dərəcəli yolun bu hissəsinin ümumi uzunluğu 22 kilometr, eni 27,5 metrdir. Yolun dördtərəfli aparıcı zolağının eni 5 metr olacaq. Yolun bu hissəsində 6 körpünün, 4 yolötürücünün və 133 suötürücünün inşası nəzərdə tutulub. Beynəlxalq standartlara tam cavab verəcək yolda müasir işıqlandırma sistemi, nəqliyyatın və piyadaların maneəsiz hərəkəti üçün lazımi şərait yaradılacaq.

Dövlət başçısının diqqətinə çatdırılıb ki, yeni yolun istifadəyə verilməsindən sonra Masallı və Astara rayonlarını birləşdirən köhnə yolun istismarı da davam etdiriləcək. Köhnə və yeni yolun qovşağında isə ötürücü yol keçidi inşa olunacaq. Bu yolun istifadəyə verilməsi Masallı və Astara ilə yanaşı, Yardımlı, Lənkəran, Biləsuvar və digər rayonların əhalisi üçün rahatlıq yaradacaq. Bildirilib ki, magistral avtomobil yolu rayon mərkəzlərinin kənarından keçəcək. Bu isə avtomobillərin sərbəst və maneəsiz hərəkətinə imkan verəcək.

Sonra Prezident İlham Əliyev Ələt-Astara avtomobil yolunun Kür çayı üzərindən keçən hissəsində inşası davam etdirilən yeni körpü kompleksini əks etdirən stendlərə baxıb. Məlumat verilib ki, körpünün ümumi uzunluğu 370 metr, eni isə 30 metr olacaqdır. Körpüdə yanaşma yolunun ümumi uzunluğu isə 1 kilometrdən çoxdur. Dövlət başçısı yolun tikintisində istifadə olunan texnikaya baxıb.

Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin Sərçuvar kəndi ərazisində aparılan tikinti işləri ilə tanışlıqdan sonra Astaraya gedərkən yolüstü Lənkəran sakinləri ilə görüşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar