İlham Əliyev Latviyanın daxili işlər nazirini qəbul edib
18 Aprel 2011 Bazar Ertəsi 13:53
Görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər
Prezident İlham Əliyev bu gün Latviya Respublikasının daxili işlər naziri Linda Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Latviya Respublikasının daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfər proqramının kifayət qədər geniş olduğunu vurğulayan dövlət başçısı bu səfərin uğurlu olacağına əminliyini ifadə edib. Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edən prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının davam etməsindən və genişlənməsindən məmnunluğunu bildirib. Riqada latviyalı həmkarı ilə əldə olunan razılaşmaya uyğun olaraq əlaqələrimizin bütün istiqamətlərdə inkişaf etdirilməsinin zəruriliyini bildirən prezident İlham Əliyev Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu deyib.

Daxili işlər naziri xanım Linda Murniese Latviya prezidenti Valdis Zatlersin salamlarını dövlət başçısına çatdırıb. O, Latviya prezidentinin dövlət başçısı İlham Əliyevin Riqaya səfərini və dövlət başçısı ilə keçirdiyi əvvəlki bütün görüşləri məmnunluqla xatırladığını vurğulayıb. Xanım Linda Murniese ölkəmizə səfəri zamanı keçirəcəyi görüşlərin əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirib.

Dövlət başçısı Latviya Respublikasının prezidenti Valdis Zatlersin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Latviya dövlətinin başçısına çatdırmağı xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar