İlham Əliyev İsveçrə Konfederasiyasının vitse-prezidentini qəbul edib
02 Sentyabr 2011 Cümə 16:54
Görüşdə Azərbaycanla İsveçrə Konfederasiyası arasındakı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb
Azərbaycan prezidenti İlham Əliyev bu gün İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfı qəbul edib. Dövlət başçısı Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

Özünün İsveçrəyə, İsveçrənin dövlət başçılarının isə Azərbaycana səfərlərini məmnunluqla xatırlayan prezident İlham Əliyev yüksək səviyyəli qarşılıqlı səfərləri ölkələrimiz arasında siyasi əlaqələrin göstəricisi kimi dəyərləndirib. İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpfın ölkəmizə səfərinin önəmini vurğulayan dövlət başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından bu səfərin uğurlu olacağına əminliyini ifadə edib.

İsveçrə Konfederasiyasının vitse-prezidenti, maliyyə federal departamentinin rəhbəri xanım Evelin Vidmer-Şlumpf isə prezident İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyi münasibətilə təbrik edib. O, ölkələrimiz arasında diplomatik münasibətlərin də məhz 20 il bundan əvvəl yaradılmasının önəmini vurğulayıb. Xanım Evelin Vidmer-Şlumpf prezident İlham Əliyevin İsveçrəyə rəsmi səfərini, Davos İqtisadi Forumunda iştirakını və orada keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırladıb. O, əlaqələrimizin inkişafı baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə İsveçrə Konfederasiyası arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar