İlham Əliyev gəmiqayırma zavodunun təməlini qoydu
19 Mart 2010 Cümə 15:00
Gəmiqayırma zavodunun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur.
Bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun yaxınlığında inşa olunacaq müasir standartlara cavab verən gəmiqayırma zavodunun təməlqoyma mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Zavodun eskiz layihəsi ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Xəzər dənizi hövzəsində yeganə olacaq bu zavodda ildə 25 min ton metal konstruksiya hazırlamaq, 15 min ton yükgötürmə qabiliyyəti olan 4 tanker (və ya 60-70 min ton yükgötürmə qabiliyyəti olan 2 “Caspian Max” tipli tanker) və 4 yedək-təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq.
Ötən ilin noyabrında Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti arasında zavodun inşasına və istismarına dair Anlaşma Memorandumu imzalanıb. Layihədə ARDNŞ 65, AİŞ 25, “Keppel Offshore & Marine” şirkəti isə 10 faizlik iştirak payına sahibdirlər. İlkin hesablamalara görə, layihənin dəyəri təxminən 300-350 milyon ABŞ dolları təşkil edəcək. Zavodun tikintisinin 2,5-3 ilə başa çatdırılması nəzərdə tutulur. Müəssisə işə düşəndən sonra ilkin mərhələdə burada min, 3-5 ildən sonra isə 1700-2000 nəfər işlə təmin olunacaq.
İ. Əliyev zavodun maketinə və monitorda layihə görüntülərinə baxıb. Dövlət başçısı mərasimdə çıxış edərək, Xəzərdə ilk belə müasir zavodun tikintisinin Azərbaycanın dəniz donanması üçün yeni gəmilərin tikintisində və mövcud gəmilərin təmirində xüsusi əhəmiyyətə malik olacağını bildirdi. Sonra o, gilizi təmələ buraxdı, beton qarışığı tökdü. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: