İlham Əliyev Dövlət Bayrağı Meydanında oldu
18 May 2011 Çərşənbə 17:47
Prezident meydanın ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev Dövlət Bayrağı Meydanının ətrafında həyata keçirilən abadlıq və quruculuq işləri ilə tanış olub. Prezident İlham Əliyev 2010-cu il noyabrın 9-da Azərbaycanda ilk dəfə qeyd edilən Dövlət Bayrağı Günü münasibətilə təşkil edilən mərasimdə Dövlət Bayrağı Meydanının ətrafında tikinti-quraşdırma işlərinin davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib. O vaxtdan başlayaraq burada ardıcıl surətdə quruculuq tədbirləri həyata keçirilir.

Dövlət Bayrağı Meydanının ətrafındakı 60 hektar ərazidə parkların, bulvarın, istirahət və gəzinti yerlərinin salınması istiqamətində xeyli iş görülüb. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Bakıda icra edilən böyük layihələrdən olan Dövlət Bayrağı Meydanında və onun ətrafında görülən işlərin tamamlanması və bu ilin sonunadək paytaxt sakinlərinin istifadəsinə verilməsi ilə bağlı göstərişlər verib.

Bu böyük layihənin icrasını daim diqqət mərkəzində saxlayan İlham Əliyev burada aparılan tamamlama işləri ilə yerində tanış olub. Bakı şəhərinin sxemi əsasında Dövlət Bayrağı Meydanında və ətraf ərazilərdə həyata keçirilən quruculuq işləri barədə prezident İlham Əliyevə ətraflı məlumat verilib.

Dövlət başçısı Bayraq meydanından şəhərin panoramını da seyr edib. Ərazidə aparılan abadlıq və quruculuq tədbirləri ilə yaxından tanış olan prezident İlham Əliyev işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar