İlham Əliyev: “Bütün cəhətlərdən Ermənistandan üstünük”
14 Avqust 2011 Bazar 00:25
“Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq”
“Azərbaycanın qarşısında duran ən başlıca vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Torpaqlarımız işğal altındadır. Bu ədalətsizlik əfsuslar olsun ki, uzun illərdir hökm sürür. Baxmayaraq ki, bütün beynəlxalq hüquq normaları, tarixi həqiqət bizim mövqeyimizi dəstəkləyir”. ANS PRESS-in AzərTAc dövlət agentliyinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimindəki çıxışında deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu hər kəs bilir. “Siyasi münasibətlər və bölgədəki siyasi çəkilər də Azərbaycanın üstünlüyünü əyani şəkildə sübut edir. İqtisadi üstünlük, hərbi üstünlük. Bütün cəhətlərdən Ermənistandan üstünük. Burada qeyd olundu, din xadimləri bunu qeyd etdilər, bizim işimiz haqq işidir. Biz heç kimin torpağını zəbt etməmişik, heç kimin torpağında gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan ərazilərində yaranıb. Biz istəyirik ki, öz ərazi bütövlüyümüzü bərpa edək”, - dövlət başçısı deyib.

Prezident İlham Əliyevin fikrincə, Azərbaycanın buna həm haqqı, həm də gücü çatır: “Sadəcə olaraq biz istəyirik ki, bu məsələ qan tökülmədən, sülh yolu ilə, danışıqlar yolu ilə öz həllini tapsın. Ancaq eyni zamanda, öz prinsipial mövqeyimizdən bir addım geri atmayacağıq. Bizim mövqeyimiz bir daha demək istəyirəm ki, həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən də Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bərpa edilməlidir”.

“Dünyada, Avropada, başqa yerlərdə muxtariyyətlər var”, - deyən Prezidentin sözlərinə görə, muxtariyyətlərin yaxşı təcrübəsi var: “Biz bu məsələləri dərindən öyrənmişik və Avropada, qabaqcıl ölkələrdə mövcud olan praktikanı burada da tətbiq etməyə hazırıq, ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Mən heç şübhə etmirəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək”.

İlham Əliyev bəyan edib ki, bu əminliyin əsasında bir neçə amil dayanır: “Birincisi - beynəlxalq hüquq, ikincisi - bizim siyasi çəkimiz, üçüncüsü - iqtisadi potensial, dördüncüsü - uğurlu gələcəyimiz, beşincisi - demoqrafiya. Ermənistan rəhbərliyi bunu nəhayət anlasın ki, demoqrafiya amili var və bu amil bu gün də artıq özünü büruzə verir. Mən əminəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Ancaq onlar heç olmasa götür-qoy etsinlər, baxsınlar ki, demoqrafik meyillər beş ildən, on ildən sonra, on beş ildən sonra nəyə gətirib çıxaracaq. Allaha şükürlər olsun ki, bu gün Azərbaycan əhalisi artır. Azərbaycanda 9 milyonuncu vətəndaş keçən ilin əvvəlində dünyaya gəlib və artıq ölkəmizin 9 milyon 160 mindən çox əhalisi var. Ermənistanda əhali, iqtisadi potensial, təbii sərvətlər azalır. Bu siyahını davam etdirmək olar. Hər bir sahədə Azərbaycanın üstünlüyü şəksizdir. Belə olan halda bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaq”.

“Çox sevindirici hal ondan ibarətdir ki, bu məsələ ilə bilavasitə məşğul olan, vasitəçilik edən ölkələrin dövlət başçılarının bəyanatlarında da bu, açıq-aydın görünür və deyilir ki, status-kvo dəyişdirilməlidir. Status-kvo dözülməzdir və dəyişdirilməlidir. Bunu ən çox istəyən Azərbaycan tərəfidir. Çünki bizim əzəli torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları tezliklə bu torpaqlara qayıtsınlar və Azərbaycanın suverenliyi bərpa edilsin”, - Prezident İlham Əliyev deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar