İlham Əliyev: “Bəzi dairələrdə islam dininə qarşı çox mənfi münasibət var”
11 Avqust 2011 Cümə Axşamı 00:12
“Azərbaycan göstərib ki, müstəqil ölkə kimi yaşaya, inkişaf edə bilər və yaxşı da yaşaya bilər”
“Əfsuslar olsun ki, islam dininə qarşı bəzi dairələrdə qeyri-adekvat, qeyri-normal, çox mənfi münasibət var. Biz mübarizə aparmalıyıq və bu mübarizə ancaq birlik olan zaman uğurlu ola bilər. Bütün beynəlxalq məsələlərlə bağlı bizim mövqeyimiz var və biz öz mövqeyimizi müdafiə etməliyik. Birliyə çağırışlar sadəcə olaraq gözəl şüar deyil. Bu, doğrudan da zərurətdir, xalqlarımıza, ölkələrimizə lazımdır”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən deyib. Onun sözlərinə görə, rəsmi Bakı bütün bütün müsəlman aləminin daha da sıx birləşməsini istəyir: “Buna böyük ehtiyac vardır. Bəzi müsəlman ölkələrində yaşanan sıxıntılar, qarşıdurmalar, problemlər bizi də çox narahat edir. Biz istəyirik ki, bu böhranlı vəziyyət tezliklə aradan qaldırılsın və bütün müsəlman aləmində sülh, əməkdaşlıq, sakitlik, əmin-amanlıq yaransın”.
“Mən çox şadam ki, müsəlman ölkələrinin Azərbaycandakı səfirliklərinin sayı artmaqdadır. İldən-ilə bu masa arxasında səfirlərin sayı artır”, - Azərbaycanın dövlət başçısı bildirib. O qeyd edib ki, Azərbaycan da müsəlman ölkələrində öz səfirliklərinin sayını artırır: “Bu həm bir-birimizə olan münasibətin təzahürüdür, eyni zamanda, bu, zərurətdir. Biz çox istəyirik ki, bütün müsəlman ölkələri arasında əlaqələr daha da sürətlə inkişaf etsin. Eyni zamanda, beynəlxalq təşkilatlarda əməkdaşlığımız çox uğurla davam edir. Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlığı Təşkilatında, digər təşkilatlarda biz sıx əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Bir neçə il bundan əvvəl BMT-nin Baş Məclisində Dağlıq Qarabağ məsələsinin müzakirəsi zamanı bizə ən çox dəstək verən müsəlman ölkələri olub. Bu dəstəyə görə minnətdarıq və bu dəstəyi bu gün də hiss edirik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını daim müdafiə edir və bu siyasət bundan sonra da davam etdiriləcək. Əminəm ki, xüsusilə indiki şəraitdə islam həmrəyliyinin gücləndirilməsi çox lazımdır. Bizim aramızda birlik daha da sıx olmalıdır. İqtisadi əlaqələr daha da geniş olmalıdır. Əlbəttə ki, qarşılıqlı dəstək yüksək səviyyədə olmalıdır. Hər halda Azərbaycan bu məqsədlərə çatmaq üçün öz tərəfindən vacib addımları atır”.
Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan bu il müstəqilliyinin 20 illiyini qeyd edəcək: “Bu illər ərzində Azərbaycan göstərib ki, müstəqil ölkə kimi yaşaya, inkişaf edə bilər və yaxşı da yaşaya bilər. Əlbəttə ki, görüləsi işlər çoxdur. Bizim böyük planlarımız var. Biz çalışırıq ki, ölkəmizi inkişaf etmiş ölkələrin sırasına çıxaraq. Bunu etmək üçün imkanlar vardır. Həm siyasi iradə, həm artıq maliyyə resurslarımız, düşünülmüş siyasətimiz və strateji xəttimiz var. Əlbəttə ki, istədiyimizə nail olmaq üçün beynəlxalq müstəvidə də mütləq qarşılıqlı etimad əsasında əlaqələr gücləndirilməlidir”.
DOSTLARINLA PAYLAŞ: