İlham Əliyev Bakıda aparılan abadlıq işləri ilə tanış olub
27 İyul 2009 Bazar Ertəsi 23:35
Dövlət başçısı Sabunçu dairəsindən Bilgəh qəsəbəsinədək çəkilən yeni yolun tikintisinin gedişi ilə maraqlanıb

 

Bu gün prezident İlham Əliyev Bakıda aparılan abadlıq işləri və yolların tikintisi ilə tanış olub. Prezidentə məlumat verilib ki, Bakı şəhərinin əsas magistrallarından biri olan Heydər Əliyev prospektində aparılan yenidənqurma işləri bu yolda avtomobillərin rahat və sürətli hərəkətinə imkan yaradılmasına, tıxacların aradan qaldırılmasına, piyadaların təhlükəsizliyinin təmin edilməsinə səbəb olub. Burada görülən genişmiqyaslı işlər ən müasir standartlara cavab verir.

Prezident Sabunçu dairəsindən Bilgəh qəsəbəsinə qədər çəkilən yeni yolda aparılan tikinti işlərinin gedişi ilə də maraqlanıb. Prezidentə məlumat verilib ki, bu yol hər iki istiqamətdə dörd zolaqdan ibarətdir. Sabunçu dairəsindən Heydər Əliyev adına Beynəlxalq hava limanına gedən yol artıq istifadədədir. Uzunluğu 6 kilometr 850 metr olacaq Mərdəkan dairəsi-Heydər Əliyev adına Beynəlxalq hava limanı yolunda isə tikinti işləri davam edir. Bundan sonra Mərdəkan-Bilgəh yolunun tikintisinə başlanacaq.

Heydər Əliyev adına Beynəlxalq hava limanı-Bilgəh yolunun üzərində üç yol ötürücüsü, dörd piyada keçidi inşa ediləcək. Mərdəkan dairəsindən Zuğulbaya gedən yolun uzunluğu 7 kilometr 650 metr, Zuğulba-Bilgəh yolunun uzunluğu isə 4 kilometr 250 metr olacaq.

İlham Əliyev həmçinin Bakıxanov qəsəbəsi, Zabrat, Buzovna, Mərdəkan və Qala istiqamətində elektrik qatarlarının yollarında aparılacaq yenidənqurma işləri barədə məlumatlandırılıb. Yaxın gələcəkdə bu dəmir yolu xəttinin sökülməsi, onun yerində yeni magistral yolun çəkilməsi planlaşdırılır. Bildirilib ki, həmin yolda iritutumlu avtobuslardan istifadə olunacaq. /Azərtac/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar