İlham Əliyev: “Ana dilimiz bizim toxunulmaz sərvətimizdir”
27 Aprel 2011 Çərşənbə 00:14
İlham Əliyev: “Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynayıb”.
“Ana dilimizə hörmət və qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağındakı çıxışında deyib. “Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynayıb. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”, - deyən dövlət başçısının sözlərinə görə, bu məsələyə çox ciddi diqqət göstərilməlidir. Prezident bildirib ki, ədəbiyyat üzrə araşdırmalar davam etdirilir: “Burada da fəaliyyət üçün çox geniş meydan var. Çünki ədəbiyyatımız dünya ədəbiyyatının inkişafında çox böyük rol oynayıb. Biz haqlı olaraq bu barədə qürur hissi ilə danışa bilərik”.
İlham Əliyev deyib ki, akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Onun fikrincə, akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir: “Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyil”.
2009-cu ildə Elmin İnkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı qəbul edildiyini, bundan sonra isə Elmin İnkişafı Fondunun yaradıldığını xatırladan dövlət başçısı deyib ki, bu fondun xətti ilə nəinki müasir avadanlığın alınması öz həllini tapır, eyni zamanda, müxtəlif qrantlar verilir ki, Azərbaycanda elmi araşdırmaları stimullaşdırılsın.
Prezident deyib ki, Azərbaycan müstəqil dövlət kimi uğurlu siyasət aparır: “Ölkəmiz inkişaf edir. Bu inkişaf özünü bütün istiqamətlərdə göstərir. Əlbəttə, elmin inkişafı da ümumi inkişaf templəri ilə uzlaşmalıdır. Azərbaycanda elmin, ali təhsilin, iqtisadiyyatın birliyi yaradılmalıdır. Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. İşimizi bu prioritetlər üzərində qurmaq üçün konkret təkliflər verilməlidir. Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini veriblər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, əlbəttə elmi potensialın güclənməsinə böyük ehtiyac var.
Azərbaycan alimləri, bir də demək istəyirəm ki, müxtəlif sahələrdə öz sözünü deyiblər. Azərbaycanda dünya səviyyəsində aparılan araşdırmalar da öz müsbət təsirini göstərib. Geoloq alimlərimiz ölkəmizin təbii resurslarının kəşfi ilə bağlı əvəzolunmaz xidmətlər göstəriblər. Bu gün bu təbii resurslar ölkəmizin müstəqilliyini gücləndirir, müstəqil siyasət aparmaq imkanlarımızı böyük dərəcədə şərtləndirir. XX əsrin ortalarında Xəzər dənizində dünyada ilk dəfə kəşf edilmiş neft bu gün müstəqil Azərbaycana xidmət göstərir. Azərbaycanda uğurlu neft strategiyasının aparılması nəticəsində bu gün biz enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Avropanın enerji təhlükəsizliyi məsələlərinin həlli üçün səylərimizi göstəririk. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün ən vacib tərəfdaşlardan biridir”.
Prezidentin fikrincə, əgər vaxtilə alimlərimiz böyük neft-qaz yataqlarını kəşf etməsəydilər və Azərbaycanın bu təbii resursları olmasaydı, müstəqil həyatımız başqa istiqamətdə inkişaf edə bilərdi: “Bir daha demək istəyirəm ki, bu amil iqtisadi müstəqillik verir. Beləliklə, Azərbaycanda siyasi müstəqillik də lazımi səviyyədədir. Hesab edirəm ki, gələcək illərdə bu sahədə əlavə tədbirlər görülməlidir. Bu gün maliyyə resurslarımız belə imkanlar yaradır. Elə etməliyik ki, bundan sonra da uzun illər, onilliklər ərzində Azərbaycan dünya enerji bazarında öz rolunu daha da artırsın və milli maraqlarımız tam şəkildə təmin edilsin”.
İlham Əliyev deyib ki, son yeddi ildə Azərbaycanda bir milyona yaxın yeni iş yerləri açılıb və onların mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılıb: “Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik. Bununla bərabər, iqtisadiyyatın hərtərəfli inkişafı da beynəlxalq maliyyə qurumları tərəfindən qiymətləndirilir. Azərbaycanın bütün beynəlxalq reytinqləri artır. Hətta böhranlı 2009-2010-cu illərdə bu göstəricilər ən yüksək səviyyədədir. Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir. Biz nəinki beşillik proqramı icra edərkən bu məsələlərlə məşğul olmalıyıq, uzaq gələcəyə baxmalıyıq - 20 ildən, 30 ildən sonra Azərbaycan hansı imkanlar hesabına inkişaf edəcəkdir?! Azərbaycanda elə güclü potensial yaradılmalıdır ki, ölkəmizin inkişafı uzunmüddətli, uğurlu və dayanıqlı olsun. Biz neft-qaz amilindən asılılığımızı tədricən azaldırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülmüşdür. Gələcəkdə isə biz çoxşaxəli iqtisadiyyat yaratmaqla elmi əsaslara söykənərək, dayanıqlı inkişaf modelimizi qurmalıyıq. Burada əlbəttə ki, alimlər öz sözünü deməlidirlər. Biz hökumətlə bərabər, dövlət strukturları ilə birgə bu fəaliyyəti gücləndirməliyik. Ona görə, bu sahədə aparılan işlərə xüsusi diqqət göstərilməlidir”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: