İlham Əliyev ailə üzvləri ilə birlikdə Gül bayramında iştirak edib
10 May 2011 Çərşənbə Axşamı 15:28
Bakıya dünyanın 50-dək ölkəsindən gül-çiçək gətirilib
Bu gün Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilib. Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olub.
Dövlət başçısına məlumat verilib ki, buraya dünyanın 50-dək ölkəsindən gül-çiçək gətirilib. İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin abidəsini ziyarət edib, gül-çiçəyə qərq olmuş parkın gözəlliyini seyr ediblər.
Parkda müxtəlif çiçəklərdən “xalça”lar yığılıb, Heydər Əliyevin portreti hazırlanıb, cürbəcür çiçəklərdən “88” rəqəminin təsvir olunduğu kompozisiya yaradılıb.
Mehriban Əliyevaya və ailə üzvlərinə xüsusi növdən olan ağ zambaqlardan buketlər təqdim edilib. Məlumat verilib ki, bu ağ zambaqlar Holland-Azərbaycan Dostluq Cəmiyyəti ilə Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyası tərəfindən dünyada ilk dəfə olaraq Mehriban xanımın adına yetişdirilib və bundan sonra onun ismini daşıyacaq.
Azərbaycanın birinci xanımı sertifikatı imzalayıb. Sənədin nüsxəsi Mehriban Əliyevaya təqdim olunub. Sertifikatlardan daha biri Zambaqların Kultivasiyası Beynəlxalq Reyestr Təşkilatının, digəri isə Hollandiya Zambaqlarının Kultivasiyası üzrə Kral Assosiasiyasının nümayəndələrinə təqdim edilib.
Dövlət başçısı, Mehriban Əliyeva və ailə üzvləri Holland-Azərbaycan Dostluq Cəmiyyətinin direktoru Marion van der Vegtlə xatirə şəkli çəkdiriblər.
Sonda İlham Əliyev və ailə üzvləri Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə balacalarla xatirə şəkli çəkdiriblər.
DOSTLARINLA PAYLAŞ: