İki tərəfin razılığa gəlməsini istəməyən qüvvələr var
19 Aprel 2011 Çərşənbə Axşamı 14:18
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BBC-nin suallarını cavablandırıb
“Sovetlər Birliyinin 15 respublikasından Azərbaycan öz müstəqilliyi uğrunda ən ağır bədəli ödəyib, öz vətəndaşlarının qanı, canı bahasına müstəqillik əldə edib”. BBC-yə müsahibə verən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu belə deyib.
O, BBC-nin müxbirinin “Siz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indiki vəziyyəti necə qiymətləndirirsiniz?” sualını aşağıdakı kimi cavablandırıb:
“Bu müsahibəyə baxacaq auditoriyanızda da çoxlarına yəqin məlumdur ki, 1988-1989-cu illərdə Dağlıq Qarabağa qarşı iddialar başlayıb. Təəssüflər olsun ki, mərkəzi hökumət bu separatçı hərəkata təkan verib və heç bir real tədbir görməyib. Nəzərə alsaq ki, hökumət mərkəzləşdirilmiş idi, hamı ümid edirdi ki, indi Moskvadan ağıllı adamlar gələcək. Amma heç bir tədbir görülmədi, bu problemin həlli üçün heç bir qərar qəbul edilmədi!”.
P.Bülbüloğlu təəssüflə müharibənin hələ də davam etdiyini vurğulayıb: “Siz yəqin ki, eşitmisiniz bu yaxınlarda erməni snayperi Azərbaycan ərazisində 9 yaşlı oğlan uşağını öldürüb. Bu məncə, açıq-aşkar təxribatdır. Çünki bu uşaq prezidentlərin üçtərəfli görüşündən bir gün sonra öldürüldü. İki tərəfin razılığa gəlməsini istəməyən qüvvələr var. Dünya dərk etməlidir ki, Azərbaycan tərəfi heç vaxt öz torpaqlarının itirilməsi ilə barışmayacaq”.
Səfir vaxtın getdiyini və bu problemin həll edilməli olduğunu bildirib. O, qeyd edib ki, indi Azərbaycan həm iqtisadi, həm də hərbi cəhətdən daha güclüdür, insan resursları da çoxdur.
“Biz 9 milyonuq, onlarda isə əhali günbəgünn azalır, heç kim orada nə qədər əhalinin olması barədə dəqiq heç nə bilmir”, deyə P. Bülbüloğlu vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: