İcra başçıları məhkəməyə çağırıla bilərlər
15 Sentyabr 2009 Çərşənbə Axşamı 16:15
“GEN” MMC-nin işi üzrə zərərçəkmişlər ölkə prezidentinə məktub ünvanlayıblar
“Abşeron, Göygöl, Bakının Nəsimi və Xətai rayonlarının icra başçıları məhkəməyə çağırılıb şahid qismində dindirilsin”. ANS PRESS-in məlumatına görə, bu barədə vəsatətlə “GEN” MMC-nin cinayət işi üzrə məhkəmədə zərərçəkmişlərin vəkili Vidadi İsgəndərov çıxış edib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Eynulla Vəliyevin sədrliyi ilə bu gün keçirilən prosesdə çıxış edən vəkil V. İsgəndərov vəsatətində həmçinin ölkə telekanallarında GEN MMC ilə bağlı yayımlanmış reklam rolikləri ilə bağlı məsul şəxslərin, şirkətin şəriki Elbrus Hacıyevin, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Etibar Mahmudov və sabiq rəisi Yaşar Haqverdiyevin məhkəməyə çağırılaraq şahid qismində dindirilməsini xahiş edib. Vəkil əlavə edib ki, qaldırılan vəsatət 31 zərərçəkmiş tərəfindən imzalanaraq ölkə prezidentinə də göndərilib.
Hakim E. Vəliyev bildirib ki, vəkilin vəsatəti məhkəməyə, vəkillərə, dövlət ittihamçısına və zərərçəkmişlərə təqdim edildikdən sonra müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, təqsirləndirilənlər Elbrus Əliyev və digərləri Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2-ci ( mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyanla törədilməklə dələduzluq) maddələri ilə ittiham olunurlar. Cinayət işi üzrə 10 nəfər təqsirləndirilən, 377 zərərçəkmiş var. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: