Bakı metropoliteninin "İçərişəhər" stansyiasında təmir işləri davam edir. Belə ki iyunun 8-dən metrostansiyanın 1 nömrəli eskalatoru təmirə dayanıb. Rəhbərlik eskalatorlar Almaniya istehsalı olan yüksək keyfiyyətli eskalatorlarla dəyişmək niyyətindədir.
Metropolitenin Eskalator Distansiyasının rəisi Elçin İsmayılov hazırda işləyən eskalatorlar XX əsrin ortalarının texnologiyaları əsasında istehsal edildiyindən indi onların sıradan çıxmış qurğularla yeniləməkdə çətinlik çəkdiklərini bildirib. Çünki onlar köhnə modellər oluduğundan ehtiyat hissələri istehsal olunmur. Eyni zamanda bu tip eskalatorların təhlükəsizlik sistemi müasir eskalatorlardan 3 dəfə aşağıdır. Onun sözlərinə görə, texnoloji baxımdan olduqca keyfiyyətli olan yeni eskalatorlar qurğularının hər hansı hissəsində nasazlıq yarandığı təqdirdə hərəkətə keçməməyi sayəsində də olduqca əlverişlidir.
Distansiya rəisi 2 gündür ki, briqadanın 1 növbəli şəkildə çalışdığını, yaxın günlərdə 12 saatlıq iş rejiminə keçməklə işlərin bir qədər də sürətlənəcəyini qeyd edib. Ayın sonlarından "İçərişəhər" stansiyasındakı digər eskalatorların da təmiri nəzərdə tutulub. Elçin İsmayılov zərurət yarandığı halda stansiyanın bir müddət bağlanacağını da istisna etməyib.
Ümumilikdə stansiyada yeni eskalatorların sentyabr ayının 15-də sərnişinlərin istiafadəsinə veriləcəyi planlaşdırılır.
Stansiyada eskalatorların yenilənməsi prosesi başa çatdıqdan sonra 1 il müddətində müşahidələr aparmaqla yeni eskalatorların nə qədər əlverişli olub-olmadığı dəqiqləşdiriləcək. Bundan sonra digər stansiyalarda da yenidənqurma proses həyata keçiriləcək.
Qeyd edək ki, "İçərişəhər" metrostansiyasında eskalatorlardan birinin təmirə dayanması hələ ki, sərnişinlər arasında sıxlıq yaratmayıb və qatarlar öz qrafiki üzrə hərəkətini davam etdirir.
Adı çəkilən stansiyada 2005-ci ilin iyunun 8-də eskalatorlardan birində yaranan nasazlıq üzündən qəza baş vermiş, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişmiş, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətlər almışdı./ANS TV/